Fransanın Evian şəhərində keçirilən "Böyük Yeddilik" (G7) ölkələrinin sammitində Ukraynaya güclü dəstək və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan mühüm bəyanat qəbul edilib. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderlərinin iyunun 17-də imzalanan birgə bəyanatında Rusiyanın hərbi iqtisadiyyatına, xüsusilə də neft-qaz sektoruna qarşı təzyiqlərin kəskin şəkildə artırılacağı vurğulanıb.
“AzPolitika” xəbər verir ki, bəyanatın Ukrayna ilə bağlı hissəsində döyüş meydanındakı dinamikanın dəyişdiyi və Qərbin Kiyevə hərbi yardımları sürətləndirəcəyi ifadə olunub.
G7 liderlərinin bəyanatında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə olan sarsılmaz dəstək ifadə olunaraq bildirilir:
"Biz Ukraynanın son aylarda cəbhədə nümayiş etdirdiyi dözümlülüyü və irəliləyişi yüksək qiymətləndiririk. Döyüş meydanında vəziyyət artıq dəyişib. Bu dəyişiklikləri sürətləndirmək üçün Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin, əlavə sistemlərin, raket-peyklərin və uzaqmənzilli silahların tədarükünü artırmaq barədə razılığa gəldik. Eyni zamanda, Ukrayna ərazisində hərbi istehsalın genişləndirilməsinə imkan verən xüsusi lisenziyaların ayrılması məsələsini nəzərdən keçirməyə hazırıq".
Bəyanatda həmçinin qeyd olunur ki, Ukraynanın energetika sisteminin dayanıqlığı üçün rəsmi Kiyevin prioritetləri əsas götürüləcək və ölkənin qarşıdan gələn qış mövsümünü keçirməsi üçün əlavə maliyyə-texniki dəstək təmin olunacaq.

Xəbərdə ən diqqətçəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın regional siyasətinin G7-nin qərarlarına birbaşa təsir göstərməsidir. Rəsmi bəyanatda qeyd olunur ki, Prezident Trampın vasitəçiliyi ilə İranla Hörmüz boğazının yenidən açılmasına dair əldə olunmuş razılaşma Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün unikal şərait yaradıb.
Uzun müddətdir Moskvaya qarşı sərt ritorikadan və yeni sanksiyalardan yayınan Tramp administrasiyası da bu bəyanatı dəstəkləyib. Tramp iyunun 16-da verdiyi açıqlamada vurğulayıb ki, İranla əldə olunan razılaşma qlobal bazarda neftin sərbəst axınını təmin edir: "Neft artıq bazara sərbəst daxil olduğu üçün biz tezliklə Rusiya neftinə qarşı sərt sanksiyaları geri qaytara biləcəyik".
Fransadakı diplomatik mənbələrin məlumatına görə, İranla rəsmi sülh sazişi hələ tam imzalanmasa da, Hörmüz boğazı ilə bağlı gərginliyin azalması qlobal enerji qiymətlərini aşağı salıb. Bu faktor G7 ölkələrinin Rusiya neft-qaz sektoruna qarşı konsensus əldə etməsini xeyli asanlaşdırıb.
Sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski həm G7 liderləri ilə ümumi, həm də ABŞ Prezidenti ilə birbaşa danışıqlar aparıb. Diplomatik mənbələr sammitdəki ab-havanı Ukraynaya dəstək baxımından "müsbət və birliyə yaxın" olaraq qiymətləndiriblər. Almaniya Kansleri Fridrix Mers isə cəbhədəki son uğurlardan sonra real sülh üçün "imkanlar pəncərəsi"nin açıldığını bildirib.

"Financial Times"ın yazdığına görə, rəsmi Kiyev uzun müddətdir ABŞ-dən Ukrayna ərazisində "Patriot" raket-peyklərinin istehsalı üçün lisenziya tələb edirdi. Ukrayna rəsmiləri mövcud tədarükün çox az və ləng olduğunu, bunun isə Rusiyanın mülki infrastruktura zərbələrini artırmasına rəvac verdiyini bildirirdilər.
Görüşlərin yekununda Prezident Zelenski öz sosial şəbəkə hesabında yazıb: "Prioritetlərimiz aydındır: HHM raketlərinin sayının artırılması, onların istehsalı üçün lisenziyaların verilməsi, qışa dəstək paketi və Rusiyaya təzyiqin gücləndirilməsi. ABŞ-nin bu istiqamətdə dəstək verməyə hazır olması mühümdür". Məhz Kiyevin bu israrı nəticəsində "lisenziya" bəndi birgə bəyanata daxil edilib.
Rusiya rəhbərliyi isə cəbhədə təşəbbüsün Ukraynaya keçdiyini qəbul etmir. Rusiya Prezidenti Vladimir Putin ordunun bütün istiqamətlərdə irəlilədiyini iddia etsə də, müstəqil hərbi ekspertlər və obyektiv məlumatlar bunun əksini deyir.
Hazırda cəbhə xəttində ümumi mənzərə durğundur və aylardır ciddi dəyişiklik baş vermir. Rusiya ordusu Konstantinovka kimi bəzi lokal sahələrdə cüzi irəliləsə də, Zaporojye vilayətində mühüm mövqeləri itirib. Bununla bərabər, Ukrayna ordusu son dövrlər Rusiyanın dərin arxa cəbhələrindəki logistik və hərbi hədəflərə zərbələrini kəskin şəkildə intensivləşdirib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər