İran və ABŞ arasında "İslamabad Anlaşması"nın mətnini yayımlanıb. İran Prezidenti Məsud Pezeşkian tərəfindən yayımlanan və ABŞ Prezidenti Donald Trampın imzasının da yer aldığı anlaşma memorandumu regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənəd hərbi əməliyyatların dayandırılması, qarşılıqlı təhlükəsizlik təminatları, sanksiyaların mərhələli şəkildə ləğvi, İranın nüvə proqramının gələcək statusu, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərini əhatə edir.
Memorandumun hüquqi baxımdan yekun saziş statusu daşımamasına baxmayaraq, burada əks olunan müddəalar ABŞ-İran münasibətlərində son onilliklərin ən mühüm siyasi dönüş nöqtələrindən biri hesab oluna bilər. Sənədin həyata keçirilməsi yalnız iki ölkənin münasibətlərinə deyil, həm də Yaxın Şərqdə qüvvələr balansına, enerji bazarlarına, beynəlxalq təhlükəsizlik sisteminə və region dövlətlərinin strateji hesablamalarına ciddi təsir göstərə bilər.
"AzPolitika" sənədin tərcüməsini təqdim edir:
1. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası, eləcə də hazırkı müharibədə iştirak edən müttəfiqləri bu Anlaşma Memorandumunu imzalamaqla Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını bəyan edir, bundan sonra bir-birinə qarşı hər hansı müharibə və ya hərbi əməliyyat başlatmamağı, güc tətbiq etməməyi və güc tətbiqi ilə hədələməməyi, həmçinin Livanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyi öhdələrinə götürürlər. Yekun saziş Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin qəti şəkildə dayandırılmasını və bu bənddə nəzərdə tutulan digər öhdəlikləri təsdiq edəcəkdir.
2. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası qarşılıqlı olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, eləcə də bir-birinin daxili işlərinə qarışmamağı öhdələrinə götürürlər.
3. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası qarşılıqlı razılıq əsasında uzadıla bilən maksimum 60 gün müddətində danışıqlar aparmağı və yekun sazişə nail olmağı öhdələrinə götürürlər.
4. Bu Anlaşma Memorandumunun imzalanmasından dərhal sonra Amerika Birləşmiş Ştatları İran İslam Respublikasına qarşı tətbiq edilən dəniz blokadasını və digər məhdudlaşdırıcı tədbirləri aradan qaldırmağa başlayacaq və 30 gün ərzində blokadanı tamamilə dayandıracaqdır. Bu müddət ərzində gəmiçilik fəaliyyəti İran İslam Respublikası tərəfindən mərhələli şəkildə bərpa olunacaq və müharibədən əvvəlki səviyyəyə çatdırılacaqdır. Amerika Birləşmiş Ştatları, həmçinin, yekun saziş qüvvəyə mindikdən sonra 30 gün ərzində qüvvələrini İran İslam Respublikasının yaxınlığından çıxarmağı öhdəsinə götürür.
5. Bu Anlaşma Memorandumunun imzalanmasından sonra İran İslam Respublikası kommersiya gəmilərinin Fars körfəzi ilə Oman dənizi arasında təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Ticarət gəmilərinin hərəkəti dərhal bərpa ediləcək, texniki və hərbi maneələrin aradan qaldırılması, eləcə də minaların təmizlənməsi işləri isə 30 gün ərzində tamamlanacaqdır. İran İslam Respublikası tətbiq olunan beynəlxalq hüquqa və Hörmüz boğazına sahilyanı dövlətlərin suveren hüquqlarına uyğun olaraq, Oman Sultanlığı və digər Fars körfəzi ölkələri ilə dialoq apararaq Hörmüz boğazında gələcək idarəetmə və dəniz xidmətləri mexanizmlərini müəyyənləşdirəcəkdir.
6. Amerika Birləşmiş Ştatları regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının yenidən qurulması və iqtisadi inkişafı məqsədilə ən azı 300 milyard ABŞ dolları həcmində maliyyə dəstəyini nəzərdə tutan qarşılıqlı razılaşdırılmış plan hazırlamağı öhdəsinə götürür. Həmin planın həyata keçirilməsi mexanizmi 60 gün ərzində yekun sazişin ayrılmaz hissəsi kimi hazırlanacaqdır. Müvafiq maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün tələb olunan bütün lisenziyalar, güzəştlər və icazələr Amerika Birləşmiş Ştatları tərəfindən veriləcəkdir.
7. Amerika Birləşmiş Ştatları yekun saziş çərçivəsində razılaşdırılmış qrafikə uyğun olaraq İran İslam Respublikasına qarşı tətbiq edilmiş bütün növ sanksiyaların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı məhdudiyyətlərin, MAQATE İdarə Heyətinin qərarlarından irəli gələn tədbirlərin, habelə ABŞ tərəfindən tətbiq olunan ilkin və ikinci dərəcəli sanksiyaların mərhələli şəkildə ləğv edilməsini öhdəsinə götürür. Tərəflər sanksiyaların ləğvi məsələsinin xüsusi əhəmiyyət daşıdığını qəbul edir və bu məsələnin danışıqlar prosesində prioritet qaydada həll olunmasına çalışacaqlarını bildirirlər.
8. İran İslam Respublikası nüvə silahı əldə etməyəcəyini və belə silahları inkişaf etdirməyəcəyini bir daha təsdiq edir. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası MAQATE-nin nəzarəti altında zənginləşdirilmiş nüvə materiallarının utilizasiyası və ya seyreldilməsi ilə bağlı qarşılıqlı razılaşdırılmış mexanizmin hazırlanması barədə razılığa gəlirlər. Tərəflər, həmçinin uranın zənginləşdirilməsi səviyyəsi və İran İslam Respublikasının dinc nüvə proqramı ilə bağlı digər məsələləri yekun saziş çərçivəsində qarşılıqlı məqbul əsaslarla tənzimləmək barədə razılığa gəlirlər. Yekun saziş bu bənddə nəzərdə tutulan müddəaları təsdiqləyəcəkdir. Tərəflər nüvə məsələlərinin xüsusi əhəmiyyətini qəbul edir və onların danışıqlar prosesində prioritet qaydada həll olunmasına çalışacaqlarını bildirirlər.
9. Yekun saziş imzalanana qədər Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası mövcud vəziyyətin qorunub saxlanılması barədə razılığa gəlirlər. İran İslam Respublikası nüvə proqramının hazırkı vəziyyətini dəyişmədən saxlayacaq, Amerika Birləşmiş Ştatları isə yeni sanksiyalar tətbiq etməyəcək və bölgəyə əlavə hərbi qüvvələr yerləşdirməyəcəkdir.
10. Amerika Birləşmiş Ştatları bu Anlaşma Memorandumunun imzalanmasından dərhal sonra İran xam neftinin, neft məhsullarının və onların törəmələrinin ixracı, eləcə də bununla bağlı bank əməliyyatları, sığorta, nəqliyyat və digər xidmətlər üçün ABŞ Maliyyə Nazirliyi tərəfindən müvafiq güzəştlərin və icazələrin verilməsini təmin etməyi öhdəsinə götürür.
11. Amerika Birləşmiş Ştatları bu Anlaşma Memorandumunun icrası çərçivəsində İran İslam Respublikasına məxsus dondurulmuş və ya məhdudlaşdırılmış vəsaitlərin və aktivlərin istifadəyə verilməsini təmin etməyi öhdəsinə götürür. Tərəflər danışıqlar zamanı həmin vəsaitlərin sərbəst buraxılması prosedurları barədə qarşılıqlı razılığa gələcəklər. Sərbəst buraxılan vəsaitlər İran İslam Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi benefisiarlara ödənişlərin həyata keçirilməsi üçün tam istifadəyə yararlı olacaqdır. Amerika Birləşmiş Ştatları bunun üçün tələb olunan bütün lisenziyaları və hüquqi icazələri təqdim etməyi öhdəsinə götürür.
12. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası bu Anlaşma Memorandumunun və gələcək yekun sazişin icrasına nəzarət etmək məqsədilə birgə monitorinq və icra mexanizminin yaradılması barədə razılığa gəlirlər.
13. Bu Anlaşma Memorandumu imzalandıqdan, həmçinin onun 1-ci, 4-cü, 5-ci, 10-cu və 11-ci bəndlərinin icrasına başlanıldıqdan və həmin tədbirlərin davamlı şəkildə həyata keçirilməsi təmin edildikdən sonra tərəflər qalan məsələlər üzrə yekun saziş danışıqlarına başlayacaqlar.
14. Yekun saziş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə təsdiqlənəcək və həmin qətnamənin qüvvəyə minməsi ilə beynəlxalq hüquqi status qazanacaqdır.
Elman İsmayıllı
"Azpolitika.info"




Şərhlər