Milli Məclisin ötəngünkü iclasında taksi fəaliyyətinin təşkili və sərnişinlərin rahatlığının artırılması ilə bağlı yeni bir təklif səsləndirilib.
Deputat Məlahət İbrahimqızı taksilərin sərnişinləri mindirib-düşürməsi üçün müxtəlif ərazilərdə, xüsusilə də xəstəxana, məktəb, dövlət qurumları və digər sosial obyektlərin yaxınlığında 2-3 dəqiqəlik dayanma imkanının yaradılmasını təklif edib.
Parlament üzvü bildirib ki, hazırda bir çox ərazilərdə taksilərin qısa müddətə dayanaraq sərnişin götürməsi və ya düşürməsi üçün uyğun şərait yoxdur. Nəticədə sürücülər cərimələnməmək üçün avtomobili təyinat nöqtəsindən xeyli uzaqda saxlamağa məcbur qalırlar. Bu isə xüsusilə yaşlılar, uşaqlar və səhhətində problem olan şəxslər üçün əlavə çətinlik yaradır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu "AzPolitika"ya şərhində bildirib ki, təklifin tətbiqi müəyyən suallar yaradır:
"Burada məsələ ondan ibarətdir ki, bu nə qədər sui-istifadə hallarına yol açacaq. Çünki əvvəlki dövrü xatırlasaq, minmə-düşmə ilə bağlı kifayət qədər sui-istifadə halları olurdu. Hətta həmin avtomobilləri oradan çıxarmaq belə mümkün olmurdu. Onlar dayanacaqları zəbt edirdilər. Ona görə də düşünürəm ki, burada əsas məsələ minmə-düşmə yerlərinin sayının artırılmasıdır. Ən vacib məsələ budur. Amma elə ərazilər var ki, orada hətta minmə-düşmə yerinin olması belə kifayət etmir. Həmin yerlərdə onların sayını artırmaq olar".
Ekspert qeyd edir ki, əvvəlki qaydada, yəni taksilərin istədikləri yerdə dayanıb sərnişin götürməsi və ya düşürməsinə imkan verilməsi xaosa səbəb ola bilər: "Düşünmürəm ki, AAYDA və ya AYNA buna üstünlük versin. Mənə elə gəlir ki, onlar daha çox minmə-düşmə yerlərinin sayını artırmaq yolu ilə bu məsələyə yanaşacaqlar. Çünki sonradan bunu idarə etmək çətin olacaq. Harada gəlib saxladıqlarına nəzarət etmək mümkün olmayacaq".
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər