Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il Dünya Çempionatında növbəti tarixi rekorda imza atıb.

J qrupunun ikinci turunda Avstriya ilə qarşılaşan Argentina yığmasının heyətində Messi matçın 38-ci və 90+5-ci dəqiqələrində fərqlənərək Dünya Kuboklarındakı qol sayını 18-ə çatdırıb. Bununla da o, 16 qolla siyahıya başçılıq edən Miroslav Klozeni geridə qoyaraq mundiallar tarixinin ən çox qol vuran futbolçusu olub.

Xatırladaq ki, Messi daha əvvəl 2026 Dünya Çempionatı ilə birlikdə altı fərqli mundialda iştirak edən ilk futbolçu kimi də tarixə düşmüşdü. Qarşılaşma Argentina futbolu üçün xüsusi əhəmiyyət daşıyan bir gündə baş tutub. Belə ki, 22 iyun 1986-cı ildə əfsanəvi Diego Maradona İngiltərə ilə oyunda vurduğu məşhur qollarla komandasını yarımfinala çıxarmışdı. Messi həmin hadisənin 40-cı ildönümündə yeni rekord müəyyənləşdirərək adını Argentina futbol tarixində daha da möhkəmləndirib.

Matçın 8-ci dəqiqəsində təyin olunan penaltini qola çevirə bilməyən Messi daha bir maraqlı statistik göstəricinin müəllifi olub. O, Dünya Kubokları tarixində ən çox penalti zərbəsi yerinə yetirən (7) və ən çox penalti qaçıran (3) futbolçu kimi də ilk sırada qərarlaşıb.

Bombardirlər yarışında Messinin əsas rəqibi Fransa millisinin hücumçusu Kilyan Mbappedir. Seneqala qarşı keçirilən oyunda dubla imza atan Mbappe mundiallardakı qol sayını 14-ə yüksəldib. İngiltərə millisinin kapitanı Harry Kane isə 10 qolla siyahıda növbəti pillədə qərarlaşıb.

Bundan başqa, Messi Dünya Kuboklarında ardıcıl 6 oyunda qol vurmaqla da tarixi göstəriciyə imza atıb. O, 1958-ci ildə Just Fontaine və 1970-ci ildə Jairzinho tərəfindən müəyyən edilmiş rekord seriyanı təkrarlayıb. Argentina millisinin qrup mərhələsinin son turunda İordaniyaya qarşı keçirəcəyi görüşdə fərqlənəcəyi təqdirdə Messi bu rekordu da təkbaşına ələ keçirəcək.

"AzPolitika.info"