Rusiyanın güc və təhlükəsizlik strukturlarının rəhbərləri iqtisadi problemlər, hakim "Vahid Rusiya" Partiyasının reytinqinin düşməsi və Ukraynanın artan PUA hücumları səbəbindən Vladimir Putini sentyabrda keçiriləcək Dövlət Dumasına seçkiləri təxirə salmağa çağırırlar.

“AzPolitika” xəbər verir ki, bu barədə “Meduza” Rusiya Prezident Administrasiyasına yaxın iki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu təşəbbüs xüsusilə FSB rəhbərliyi və Rusiya Milli Qvardiyasının rəhbəri, Putinin dostu və keçmiş cangüdəni Viktor Zolotov tərəfindən irəli sürülür.


Mənbələrdən biri qeyd edib ki, seçkinin təxirə salınması barədə söhbətlər 2026-cı ilin yazından başlayıb: "Bizdə büdcə problemləri, davamlı qiymət artımları, ixtisarlar yaşanmağa başlayıb. Aydındır ki, vəziyyət yalnız pisləşir və bu, hər zaman olduğu kimi, hökumətin reytinqlərinə təsir göstərir. Bütün nəzarətə baxmayaraq, belə şəraitdə seçkilərin keçirilməsi cəsarətli bir işdir".

O qeyd edib ki, güc strukturları "insan yoxdursa problem də yoxdur" yanaşmasına riayət edirlər və əvvəllər interneti bloklayarkən də bu yanaşmadan istifadə ediblər. Bu arada, nəşr qeyd edir ki, Duma seçkilərinin təxirə salınması ilə bağlı müzakirələr hələlik yalnız "danışıq səviyyəsində" aparılır. 

Mənbə qeyd edib ki, "Prezidentin masasında bununla bağlı heç bir sənəd yoxdur və bəlkə də olmayacaq".

Eyni zamanda, o əlavə edib ki, Ukraynanın Moskvaya dron hücumlarından sonra bu cür söhbətlər "əhəmiyyətli dərəcədə artıb".

“Meduza” mənbələrinə görə, güc strukturlarından fərqli olaraq, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Prezident Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkonun rəhbərlik etdiyi siyasi blok seçkilərin ləğvinə və təxirə salınmasına qarşı çıxır. Çünki xüsusilə də Medvedev üçün bu seçki "Dövlət Dumasının sədri kimi aydın və təsirli bir mövqe təmin etmək üçün bir fürsətdir”.

Yəni, Medvedev özünün parlament sədri təyin edilməsinə can atır və buna görə də seçkinin keçirilməsində olduqca maraqlıdır.

Nəşrin mənbələrindən birinə görə, Putin özü də seçkilərin keçirilməsinin tərəfdarıdır.

"Birincisi, bu o demək olacaq ki, Ukraynada seçkilər yoxdur, amma bizdə var. Bu, ciddi siyasi məsələdir. İkincisi, seçkilərin ləğvi planların pozulduğunu və fövqəladə vəziyyət yarandığını etiraf etmək deməkdir", - deyə mənbə izah edib.

Qeyd edək ki, daha əvvəl Rusiya Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkilərin 18-20 sentyabr tarixlərində keçiriləcəyini açıqlayıb. Putin artıq bununla bağlı müvafiq fərman da imzalayıb. Seçkinin ləğvi bu fəramanın geri oxunması və vəziyyətin ağırlığının etiraf edilməsi kimi qəbul olunacaq ki, bu da Putin üçün arzuolunmaz, hətta təhlükəli ssenaridir. Lakin vəziyyət daha da pisləşərsə, seçkini keçirməyin özü də təhlükə mənbəyinə çevrilə bilər.

Seçkinin təyin edildiyi günə hələ 3 ay var. Vəziyyətin dinamik olaraq dəyişməsini və çox zaman bunun heç də Rusiyanın xeyrinə olmamasını nəzərə alsaq, 3 ayda hələ çox şey baş verə bilər. Odur ki, hansısa məqamda Kremlin daxili narazılıqların kəskin artması fonunda riskə getməmək üçün parlament seçkisini təxirə salmasını istisna etmək olmaz…

C.Məmmədli

“AzPolitika.info”