ABŞ Konqresində keçirilən dinləmələrdə F-35 proqramı ilə bağlı son məlumatlar açıqlanıb.
Bildirilib ki, hazırda dünyada 1300-dən çox F-35 döyüş təyyarəsi istismardadır. Onlardan 832-si ABŞ Silahlı Qüvvələrinin arsenalında yer alır.
ABŞ Senatının Silahlı Xidmətlər Komitəsində çıxış edən F-35 Birgə Proqram Ofisinin rəhbəri, general-leytenant Qreqori Masiello təyyarənin çoxməqsədli və unikal imkanlara malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, F-35-lər dünya üzrə 42 hərbi bazada xidmət göstərir. Təyyarələr həmçinin 13 aviadaşıyıcı gəmidə yerləşdirilib ki, bunların 10-u ABŞ-a məxsusdur.
Masiello qeyd edib ki, F-35-lər son illərdə müxtəlif hərbi əməliyyatlarda, o cümlədən ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda istifadə olunub.
Dinləmələr zamanı senator Mark Kelli isə F-35-lərin gələcək hərbi əməliyyatlarda mühüm rol oynayacağını bildirsə də, onların istismarı və uzunmüddətli texniki xidmət xərclərinin ABŞ büdcəsinə ciddi təsir göstərə biləcəyini vurğulayıb.
"AzPolitika.info"

Şərhlər