Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin daxili və xarici siyasətində gərginlik pik həddə çatıb. Rusiya daxilində ordunun rəhbərliyə qarşı silah çevirməsi hədələri artarkən, rəsmi Kiyev Moskvaya müharibəni bitirmək üçün faktiki olaraq zaman tanıyır. Eyni zamanda Rusiya hakimiyyətinin payızda yeni və genişmiqyaslı mobilizasiyaya hazırlaşdığı barədə məlumatlar sızıb.
"AzPolitika" xarici mediaya və ekspert rəylərinə istinadən müharibənin gedişatını dəyişə biləcək ən son gəlişmələrin geniş analizini təqdim edir:
Rusiyalı blogerdən Putinə hədə: "Ordu silahı Kremlyə çevirəcək!"
Ukraynada döyüşmüş rusiyalı hərbi bloger Aleksandr Lunin Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək ölkədə ciddi rezonans doğuran videoçarx yayımlayıb. Artıq 10 milyondan çox baxış sayı yığan müraciətdə Lunin, Müdafiə Nazirliyi və güc strukturlarının nümayəndələrinin mesajını şəxsən çatdırmaq üçün Putinlə canlı efirdə təcili görüş tələb edir.
Bloger xəbərdarlıq edib ki, əgər bu görüş baş tutmasa, “nəticələr çox ağır olacaq və ordu öz silahını Kremlyə tərəf çevirəcək”.
Kremlin mətbuat katibi Dmitri Peskov administrasiyanın bu müraciətdən xəbərdar olduğunu, lakin hələlik onunla dərindən tanış olmadıqlarını bildirib. Digər tərəfdən, Lunin artıq Moskvaya – Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin tərəfindən dəvət edildiyini açıqlayıb.
Hərbi ekspert Nikolay Mitroxinin fikrincə, bu cür müraciətlər Rusiyada sistemli xarakter alsa da, hakimiyyət hələlik bu cür narazı fiqurları manipulyasiya etmək və zərərsizləşdirmək imkanına malikdir. Lakin bu çıxışlar ordunun daxilindəki dərin narazılığın barometridir.
Zelenskinin 40 günlük gizli planı: Strateji təşəbbüs Ukraynaya keçib
Rusiya daxilində siyasi silkələnmələr yaşanarkən, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya sülh danışıqlarına məcbur etmək üçün 40 günlük "təsir göstərmə planı"na start verildiyini elan edib.
Bu əməliyyat çərçivəsində Ukrayna ordusu Rusiyanın logistika xətlərini, neft emalı sənayesini və hərbi infrastrukturunu iflic etməyə başlayıb. Bunun ən son nümunəsi olaraq, İyunun 26-na keçən gecə Ukrayna dronları Rusiyanın bir neçə regionuna, o cümlədən Tula vilayətində yerləşən və hərbi sənaye üçün vacib olan "Azot" kimya zavoduna kütləvi zərbələr endirib. Rusiya tərəfi isə gecə ərzində guya 660 Ukrayna dronunu vurduğunu iddia edib.
Ekspert Nikolay Mitroxin qeyd edir ki, Ukrayna ucuz dronlar vasitəsilə Rusiyanın logistikasını tamamilə çökdürür:
"Ukrayna Krımı uğurla bloklayıb və müharibəni tamamilə yeni keyfiyyət mərhələsinə keçirərək strateji təşəbbüsü ələ alıb. Artıq işğal olunmuş ərazilərdə Rusiya yük avtomobilləri vurulmaq qorxusundan magistral yollara çıxa bilmir. Bu isə cəbhədəki Rusiya ordusunun təchizatının tamamilə kəsilməsi deməkdir".
Payızda yeni mobilizasiya dalğası: Dövlət Dumasında gizli müzakirələr
Müharibənin uzanması fonunda Rusiyada könüllü müqavilə imzalayanların sayı kəskin azalıb ("Verstka" nəşrinin məlumatına görə, keçən illə müqayisədə bu rəqəm 30% düşüb). Bu səbəbdən Kreml ciddi canlı qüvvə qıtlığı ilə üz-üzədir.
"Mojem obyasnit" jurnalistlərinin Dövlət Dumasındakı mənbələrdən əldə etdiyi məlumata görə, parlamentdə rəsmən mobilizasiya elan edilməsi variantı müzakirə olunur. Prezident Administrasiyasının planına əsasən, sentyabrda keçiriləcək parlament seçkilərindən dərhal sonra – yeni Dumanın ilk iclasında bir qrup deputat Putinə yeni səfərbərlik dalğasına başlamaq barədə rəsmi müraciət edəcək.
Politoloq Ruslan Aysin hesab edir ki, payızda yeni mobilizasiya qaçılmazdır:
"Putinin əlində başqa kozır qalmayıb. O, hələ də cəbhəyə yüz minlərlə insan atmaqla müharibənin gedişatını dəyişə biləcəyini düşünür. Lakin bu, arxaik məntiqdir. Hazırkı müharibə dron müharibəsidir və yerdəki insanlar sadəcə hədəfə çevrilir. Rusiya hər ay cəbhədə 30 minə yaxın hərbçi itirir. Payızda yığılacaq 150-200 min insan yalnız yarım illik aktiv döyüşlərə bəs edəcək".
Lavrov nüvə ssenarisini istisna etmir
Ekspertlərin fikrincə, Kremlin qarşısında hazırda üç seçim var: eskalasiyanı artırmaq (nüvə silahı daxil olmaqla), mobilizasiyaya getmək, yaxud hər şeyi olduğu kimi saxlayıb daxili çöküşü gözləmək.
Politoloq Andrey Kolesnikovun öz mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Kremlin digər şahinləri Ukrayna ərazisində taktiki nüvə silahının tətbiq edilməsi variantını artıq istisna etmirlər. Bu addım Ukraynanın logistik üstünlüyünü qırmaq və Qərbi qorxutmaq üçün son çarə kimi nəzərdən keçirilir.
Lakin analitiklər xəbərdarlıq edirlər ki, həm mobilizasiya, həm də nüvə eskalasiyası Rusiya daxilindəki sosial-iqtisadi böhranı və Aleksandr Lunin kimi hərbçilərin proqnozlaşdırdığı ordu daxili üsyan ehtimalını daha da sürətləndirə bilər.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər