ABŞ-nin Kentaki ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində azı dörd nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə qubernator Endi Beşir "X" sosial şəbəkəsində bildirib.
Davam edən leysan yağışları və qəfil daşqın təhlükəsi ilə əlaqədar qubernator ştatda fövqəladə vəziyyət rejimi elan edib. Sinoptiklərin proqnozlarına görə, günün sonunadək Kentakinin bəzi bölgələrində təxminən 180 mm yağıntı düşə bilər.
Beşir sakinləri meteoroloqların xəbərdarlıqlarını izləməyə, zəruri olmayan səfərlərdən imtina etməyə və ehtiyac olduqda yüksək ərazilərə köçməyə çağırıb.
"Bu, ciddi daşqındır. Güclü yağışlar gecənin gec saatlarınadək davam edəcəyindən insanlar sayıqlığı qorumalı və xüsusən də görmənin məhdud olduğu günün qaranlıq vaxtlarında avtomobillə yola çıxmaqdan çəkinməlidirlər", - qubernator bildirib.
ABŞ-nin Milli Meteorologiya Xidməti həmçinin Kentaki və İndiananın bir sıra bölgələri üçün qəfil daşqınlarla bağlı xəbərdarlıqlar yayımlayıb. Qurumun məlumatına görə, İndiananın cənub-qərbindəki bəzi bölgələrə artıq 250 mm-ə qədər yağıntı düşüb.

Şərhlər