Son bir ay ərzində Ukraynanın misli görünməmiş PUA hücumları fövqəladə miqyaslara çatdı və dörd ildən çox müddətdə ilk dəfə olaraq müharibənin sərt reallıqları adi ruslar üçün də aydın oldu. 

“AzPolitika” xəbər verir ki, CNN-in Rusiyada yaranmış durumla bağlı yazısında belə deyilir. Lakin yazıda qeyd olunur ki, bu ağır vəziyyət Vladimir Putinin planlarına o qədər də təsir göstərmir.

“Ukraynanın hücum kampaniyası Rusiyanın hərbi iqtisadiyyatını tükəndirmək, Kremlin davam edən müharibəsinin iqtisadi və siyasi xərclərini artırmaq üçün nəzərdə tutulub. Hədəflər diqqətlə seçilir: neft emalı zavodları, neft terminalları, hərbi gəmilər və Rusiya ərazisinin dərinliklərindəki silah zavodları. Rusiya boyunca media orqanları yanacaq çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələrində avtomobil növbələrinin artması barədə məlumat verir. Hətta tez-tez ağır uğursuzluqlarını kiçildən Kreml üçün belə, bu acı reallığı görməzdən gəlmək çətinləşib.

Putin həftəsonu təcili iclas keçirdi və milli benzin ehtiyatlarının azaldığını elan etdi. Putin həmçinin dizel yanacağı ixracına tamamilə qadağa qoyulmasının nəzərdən keçirildiyini də açıqladı.

O, həmçinin bildirdi ki, Rusiya "terror hücumlarının mülki hədəflərimizə və infrastrukturumuza təsirini minimuma endirməlidir". Bu, Putinin əvvəllər Ukraynanın pilotsuz təyyarələrinin hücumlarını “əhəmiyyətsiz” adlandırmasından sonra açıq şəkildə geri dönüşdür”, – yazıda deyilir.

CNN-in qeyd etdiyi kimi, ironiya ondadır ki, daha əvvəl Ukraynanın enerji infrastrukturunun sistematik şəkildə məhv edilməsi Rusiyanın əsas hərbi strategiyalarından biri idi. İndi isə Ukrayna bu məntiqi tərsinə çevirib və ruslar bunun nəticələrini öz üzərlərində hiss etməyə başlayıblar: “Bu, Qərb rəsmilərinə və ekspertlərinə ümid verir və onlar Ukrayna hücum kampaniyasının Rusiyanın yanacaq və hərbi texnika tədarükünü dayandırması, Moskvanın döyüş meydanındakı səylərini ləngitməsi ilə Ukrayna üçün vəziyyətin dəyişdiyini qeyd edirlər”.

Güzəştə getmək ehtimalı azdır

Lakin nəşr hesab edir ki, Rusiyanın hazırkı problemlərinin Kremli təslim olmağa məcbur edəcəyinə inanmaq səhv olardı. Ən azından bunun tezliklə baş verəcəyi gözlənilən deyil: "Onilliklər ərzində Putin özünün güzəştsiz lider imicini inkişaf etdirib - bu fakt Ukraynada təslim olmağı, geri çəkilməyi və ya hətta güzəştə getməyi onun üçün inanılmaz dərəcədə mümkünsüz və çətin edir. Qərb hesablamalarına görə, Rusiyanın işğalı nəticəsində bir milyondan çox insan həlak olub və yaralanıb. Lakin Rusiya hələ də iddia etdiyi dörd Ukrayna bölgəsinə nəzarət etmir”.

Nəşr hesab edir ki, "Moskvada həlledici qələbə kimi təqdim edilə bilməyən hər hansı bir razılaşma ciddi daxili siyasi ixtilaflara səbəb ola bilər": “Beləliklə, Rusiyadakı mövcud yanacaq çatışmazlığı ağrılı bir reallıq olsa da, Putinin ağ bayraq qaldırması kimi qəbul edilməməlidir”.

Əlavə edək ki, Rusiyada yanacaq böhranı getdikcə daha böyük vüsət alır. Hazırda Rusiya Federasiyasının təxminən 40 regionunda yanacaq satışına rəsmi məhdudiyyətlər mövcuddur. İşğal olunmuş Ukrayna əraziləri də daxil olmaqla 85 regionda təchizatda ciddi fasilələr qeydə alınır. Xeyli sayda boş və bağlanmış yanacaqdoldurma məntəqələri var. Benzin və dizel çatışmazlığı səbəbindən bəzi yerlərdə ictimai nəqliyyat, zibil yığımı və kənd təsərrüfatı texnikalarının yanacaqla təminatında ciddi problemlər müşahidə olunur. Pərakəndə benzin satışı qiymətlərində isə son iyirmi il ərzində ən böyük bahalaşma qeydə alınmaqdadır.

C.Məmmədli

“AzPolitika.info”