Ukraynanın Rusiyanın daxilinə doğru PUA zərbələrini intensivləşdirməsi və neft emalı zavodlarını (NEZ) hədəf alması ölkədə yanacaq böhranını dərinləşdirib. Son günlərdə Krasnodar diyarı və Yaroslavl vilayətindəki NEZ-lər, həmçinin Volqoqradda "İsgəndər-M" raket qurğularının buraxılış sistemlərini istehsal edən zavod ciddi hücumlara məruz qalıb.
Rusiya Prezidenti Vladimir Putin son müsahibəsində ölkədə və ilhaq edilmiş Krımda benzin qıtlığının olduğunu dolayısı ilə etiraf edib və bununla bağlı xüsusi iclas çağırıb. Lakin iqtisadi və logistik çətinliklərə rəğmən, Kremlin müharibəni davam etdirmək niyyəti dəyişməz olaraq qalır.
"AzPolitika" xəbər verir ki, mövcud vəziyyəti rusiyalı və beynəlxalq hərbi-siyasi ekspertlər şərh ediblər.
Hərbi analitik David Şarpın sözlərinə görə, hərbi sənaye və yanacaq obyektlərinə endirilən zərbələr Rusiyanın cəbhədəki imkanlarına birbaşa təsir göstərir: "Bu zərbələrin strateji effekt verməsi üçün raket və komponentlərin istehsalı tamamilə və ya müvəqqəti dayanmalıdır. Rusiya alternativ barıt və ya ehtiyat hissələrini xaricdən almağa məcbur olursa, bu, ona ciddi iqtisadi ziyan vurur. Müəssisələr fəaliyyətini dayandıranda və cəbhəyə tədarük qəfildən azalanda ordunun döyüş qabiliyyəti qaçılmaz olaraq aşağı düşür".
Ekspert eyni zamanda qeyd edib ki, Rusiya ordusu hazırda Ukraynanın PUA problemini həll etmək və böyükmiqyaslı, dərin manevrli hücumlar reallaşdırmaq gücündə deyil: "Rusiya cəbhəni yalnız kiçik qüvvələrlə sıxışdırmaq və müəyyən istiqamətlərdə dronlardan istifadə etməklə daimi təzyiq saxlamaq taktikasına keçib".
Politoloq Dmitri Oreşkin isə hesab edir ki, Putinin təcili şəkildə efirə çıxıb benzinin baha olması və qıtlığını "müvəqqəti hal" adlandırması daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır. Lakin real mənzərə tam fərqlidir: “İlin əvvəlindən bəri Rusiyada yanacaq-sürtkü materiallarının istehsalı 25% (dörddə bir) azalıb.Ölkədə benzin tamamilə qurtarmayıb, lakin böhran səbəbindən yanacağı vaxtında lazımi nöqtələrə, xüsusən də problemlərin düyünə düşdüyü Krıma çatdırmaq mümkün deyil.
Putinin Belarus lideri Aleksandr Lukaşenko ilə təcili və qapalı görüşü, eləcə də ABŞ-la danışıqlara hazır olduğunu bəyan etməsi Kremlin daxili gərginliyindən xəbər verir. Putin öz nüfuzundan istifadə edərək bütün dəlikləri eyni vaxtda tutmağa çalışır. Xalqa hər şeyin qaydasında olduğunu desə də, elitada pessimist əhval-ruhiyyə hökm sürür. Rusiya cəmiyyəti üçün müharibənin dayanması daha xeyirli olardı, lakin bu, Putinin geosiyasi məğlubiyyəti deməkdir. Ona görə də hakim partiya qarşısında müharibəni nəyin bahasına olursa-olsun davam etdirmək tapşırığı qoyulub".
Ekspertlərin ümumi rəyinə görə, iqtisadi sıxıntılar və yanacaq böhranı fonunda Putinin aqressiv ritorikasını qoruması real gücdən deyil, daxili sosial etibarı və siyasi imici qorumaq instinktindən irəli gəlir.
Rasim
“AzPolitika.info”

Şərhlər