Ukrayna ordusunun Krım yarımadasına endirdiyi intensiv zərbələr fonunda bölgədə nəqliyyat və yanacaq böhranından sonra ciddi enerji qəzası riski yaranıb. Rusiyanın ilhaq olunmuş Sevastopola təyin etdiyi "qubernator" Mixail Razvojayev şəhərdə elektrik enerjisinin məhdudiyyətlə - növbəli şəkildə söndürüləcəyini elan edib.

"AzPolitika" xəbər verir ki, yeni qrafikə əsasən, şəhərin müxtəlif rayonlarına elektrik enerjisinin verilməsi növbə ilə hər 3 saatdan bir kəsiləcək. Razvojayev bu addımı regiondan kənarda elektrik şəbəkələrinin həddən artıq yüklənməsini aradan qaldırmaq və vahid enerji sistemində irimiqyaslı qəzanın qarşısını almaq məqsədilə atdıqlarını iddia edib. Qeyd olunur ki, bu qərardan əvvəl də Sevastopolda 100-dən çox küçə və 10 ətraf qəsəbə tamamilə qaranlığa qərq olmuşdu.

Ukraynanın hərbi və logistik obyektləri hədəf alan zərbələrinin ardı-arası kəsilmədiyi üçün iyunun 26-da ilhaq edilmiş Krım və Sevastopolda fövqəladə vəziyyət (FV) rejimi tətbiq edilib.

Krımın qondarma rəhbəri Sergey Aksyonov bildirib ki, bu qərar "maliyyə-pul, kredit, müqavilə və digər münasibətləri tənzimləmək", həmçinin dəymiş ziyanın ödənilməsi prosedurlarını sadələşdirmək üçün verilib. Lakin ekspertlər bunun regionda idarəetmənin iflic olmasının rəsmi etirafı sayır. May ayının sonundan etibarən Krımda dərinləşən energetika böhranı müşahidə olunur. Yarımadada yanacaq satışı məhdudlaşdırılıb, benzinin və dizelin qiyməti rekord həddə çatıb. İndi isə yanacaq qıtlığı elektrik şəbəkələrinin çökməsinə yol açıb.

Rəsmi Kiyev bəyan edir ki, Krımdakı infrastruktur obyektlərinə, NEZ və yanacaq anbarlarına endirilən zərbələrin əsas məqsədi yarımadanı Rusiya ordusu üçün logistik cəhətdən tamamilə izolyasiya etmək və Krım köprüsü də daxil olmaqla hərbi təchizat yollarını kəsməkdir.

Rasim

“AzPolitika.info”