Rusiya Prezidenti Vladimir Putin keçmiş müdafiə naziri və Prezident Administrasiyasının keçmiş başçısı Sergey İvanovun dəfn mərasimində iştirak edib.
“AzPolitika” xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə dediyinə görə, Putin Mərkəzi Klinik Xəstəxanada İvanovla vidalaşıb və ailəsi ilə qısa söhbət edib.
İvanov 26 iyunda 73 yaşında vəfat edib. O, Putinin ən yaxın dostlarından biri, hətta bir zamanlar mümkün varisi hesab olunurdu.
Sergey İvanovun dəfn mərasimi Moskvadakı Troyekurovskoye qəbiristanlığında keçiriləcək.
İvanov 1953-cü ildə Leninqradda anadan olub və Leninqrad Dövlət Universitetinin filologiya fakültəsini, eləcə də KQB kurslarını bitirib. KQB-nin Birinci Baş İdarəsində (xarici kəşfiyyat), daha sonra SVR-də xidmət edib. 1998-ci ildə FSB-nin direktor müavini və Təhlil, Proqnozlaşdırma və Strateji Planlaşdırma şöbəsinin müdiri olub. Həmin vaxt FSB-yə Vladimir Putin rəhbərlik edib.
1999-cu ildə İvanov Putinin yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə keçib. 2001-ci ildən 2007-ci ilə qədər Müdafiə Nazirliyinə rəhbərlik edib. 2007-ci ildən 2008-ci ilə qədər Baş nazirin birinci müavini, 2011-ci ildən 2016-cı ilə qədər isə Prezident Administrasiyası rəhbəri vəzifəsində çalışıb. 2016-cı ildən etibarən Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi vəzifəsində çalışıb. 4 fevral 2026-cı ildə Putin onu öz xahişi ilə bu vəzifədən azad edib.
Qeyd edək ki, İvanovun ölüm səbəbi gizli saxlanır və bununla bağlı heç bir rəsmi məlumat yayımlanmır. Bu da sosial şəbəkələrdə müxtəlif versiyaların səsləndirilməsinə yol açır. Lakin istefaya getməzdən əvvəl mediada onun səhhətilə bağlı problemlərinin olduğu bildirilirdi.
“AzPolitika.info”

Şərhlər