Ukraynanın keçmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı, hazırda isə ölkənin Böyük Britaniyadakı səfiri vəzifəsini icra edən Valeri Zalujnı Prezident Volodimir Zelenskiyə dövlət başçısı postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Bu barədə "Ukrayinskaya Pravda" qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.
"AzPolitika" xəbər verir ki, nəşrin yaydığı məlumata görə, iyunun ortalarında Prezident Volodimir Zelenski kənar şəxslərin iştirakı olmadan qapalı və olduqca kritik bir görüş keçirib. Görüşdə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Oleq Tatarov, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiyə, Müdafiə naziri Rüstəm Umerov və rəqəmsal transformasiya naziri Mixail Fyodorov iştirak ediblər.
Mənbələrin bildirdiyinə görə, bu qapalı toplantıda 2026-cı ilin payızında prezident seçkilərinin keçirilməsi imkanları və perspektivləri geniş müzakirə olunub. Seçki mövzusunun gündəmə gəlməsinə isə rəhbərliyə təqdim olunan gizli bir sosioloji sorğunun nəticələri rəvac verib. Həmin araşdırmaya görə, Zelenskinin reytindəki uzunmüddətli geriləmə dayanıb və onun dəstək faizi cüzi də olsa artmağa başlayıb.
Sözügedən qapalı sorğunun nəticələrinə əsasən, seçkilərin birinci turunda namizədlərin şansları bu cür dəyərləndirilir:
Volodimir Zelenski – 33%
Valeri Zalujnı – 22%
Kirill Budanov – 14%
Lakin ən böyük sürpriz ikinci turla bağlıdır. Çünki araşdırmalar göstərir ki, mümkün ikinci turda Zelenski hələ ki Zalujnıya uduzur: 32%-ə qarşı 37%.
"Ukrayinskaya Pravda" yazır ki, mümkün rəqibinin real niyyətini birbaşa onun öz dilindən eşitmək istəyən Zelenski səfir Valeri Zalujnını təcili olaraq Kiyevə çağırıb.
Görüşün keçirilməsi üçün rəsmi bəhanə kimi Böyük Britaniya Baş naziri Kir Starmerin ehtimal olunan istefasına hazırlıq məsələləri göstərilsə də, pərdəarxasında tam fərqli söhbət baş tutub. Mənbələrin iddiasına görə, Zelenski Zalujnıdan payızda seçkilər keçiriləcəyi təqdirdə namizəd olub-olmayacağını soruşub. Keçmiş baş komandanın cavabı isə qısa və kəskin olub: "Bəli. Olacağam".
Ukrayna siyasi kuluarlarında böyük rezonans doğuran bu xəbər, payız aylarında ölkədə daxili siyasi rəqabətin pik həddə çatacağından xəbər verir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər