BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitri Şlapaçenko vəzifəsinin icrasına başlayıb.
APA BMT-yə istinadən xəbər verir ki, Ukrayna vətəndaşı olan Dmitri Şlapaçenko bu vəzifəyə BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən Azərbaycan hökumətinin razılığı ilə təyin edilib.
Bildirilib ki, Dmitri Şlapaçenko diplomatiya, beynəlxalq əməkdaşlıq, siyasi və sosial-iqtisadi məsələlər, inkişafın koordinasiyası, sülhyaratma və strateji planlaşdırma sahələrində 28 illik təcrübəyə malikdir.
O, bundan əvvəl BMT-nin Türkmənistan üzrə rezident əlaqələndiricisi vəzifəsində çalışıb. Həmçinin BMT-nin Nyu-York qərargahında Siyasi və Sülhyaratma Məsələləri Departamenti və Sülh Əməliyyatları Departamentində Afrika Buynuzu və Sudanda BMT-nin İnteqrə edilmiş Keçidə Yardım Missiyası (UNITAMS) üzrə komanda rəhbəri olub. Bundan başqa, İraq, Kosovo, Somali, Tacikistan və Vyanada müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
BMT-yə qoşulmazdan əvvəl ABŞ Sülh Korpusunda və ATƏT-də işləyib. O, həmçinin Ukraynada beynəlxalq məsələlər üzrə müəllif kimi fəaliyyət göstərib.
Dmitri Şlapaçenko Kiyev Universitetində beynəlxalq jurnalistika üzrə bakalavr və magistr, beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələrinə, Macarıstanın Mərkəzi Avropa Universitetində siyasi elmlər, Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində isə beynəlxalq münasibətlər üzrə magistr dərəcələrinə malikdir. ABŞ-ın Dyuk Universitetində beynəlxalq jurnalistika və dövlət siyasəti üzrə təqaüd proqramını da başa vurub.

Şərhlər