Rusiya ordusu iyulun 2-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə kütləvi və dağıdıcı zərbələr endirib.

"AzPolitika" xəbər verir ki, yerli hakimiyyət orqanlarının yaydığı son məlumatlara görə, hücum nəticəsində 13 nəfər həlak olub, 80-dən çox insan yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, yaralananlar arasında azı iki uşaq var. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, ümumilikdə 86 nəfər xəsarət alıb və onlardan 70-i xəstəxanalara yerləşdirilib. 

Mer iyulun 3-nün Kiyevdə matəm günü elan olunduğunu bəyan edib.

Bombardman nəticəsində Kiyevin bütün rayonlarında, ümumilikdə 30-dan çox məkanda dağıntı və ziyan qeydə alınıb. 20-dən çox yaşayış binasına ciddi ziyan dəyib. Hazırda xilasedicilər 15 müxtəlif nöqtədə fəaliyyətini davam etdirir, dağıntılar altında insanların qaldığı ehtimal olunur.

Darnitski rayonunda 5, 9 və 16 mərtəbəli yaşayış binaları, eləcə də fərdi evlər qismən dağılıb.

Şevçenkovski rayonunda 7 mərtəbəli yaşayış binasının dam örtüyü və bir otel binası yanıb.

Qoloseevski, Peçerski, Obolonski, Svyatoşinski və Desnyanski rayonlarında çoxmərtəbəli binalar, anbarlar və fərdi təsərrüfatlar zərbələrə məruz qalıb, yanğınlar baş verib.

Kiyev vilayətində isə Rusiya atəşi nəticəsində daha iki mülki şəxsin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə Ukraynaya endirilən bu kütləvi zərbəni rəsmi Kiyevin Rusiyanın mülki infrastrukturuna etdiyi hüqumlara "cavab" olaraq əsaslandırmağa çalışıb.

Rusiya hərbi idarəsi bəyan edib ki, uzaqmənzilli hava, quru, dəniz və PUA zərbələri ilə Kiyev və Kiyev vilayətindəki hərbi-sənaye kompleksi müəssisələri və yanacaq-energetika obyektləri, həmçinin Dnepropetrovsk, Poltava, Çerkası və Çerniqov vilayətlərindəki hərbi aerodromların infrastrukturu hədəf alınıb.

Rasim

AzPolitika.info"