Türkiyənin Milli Müdafiə Nazirliyi Silahlı Qüvvələrin komandanlıq strukturunu vahid mərkəzdə birləşdirəcək "Ay Ulduz" Müştərək Qərargahı ilə bağlı yeni məlumatlar açıqlayıb.

Nazirliyin sözçüsü, kontr-admiral Zəki Aktürk bildirib ki, həftəlik mətbuat brifinqi ilk dəfə məhz bu qərargahda keçirilib.

Onun sözlərinə görə, "Ay Ulduz" Müştərək Qərargahı layihəsi çərçivəsində Milli Müdafiə Nazirliyi, Baş Qərargah, eləcə də Quru, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri komandanlıqları eyni ərazidə fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi müştərək əməliyyat imkanlarını daha da gücləndirmək və komandanlıqlar arasında koordinasiyanı artırmaqdır.

Qərargah Türkiyə bayrağındakı ay-ulduz simvolundan ilhamlanaraq layihələndirilib. Obyekt "ağıllı bina" konsepsiyası, ekoloji cəhətdən dayanıqlı infrastrukturu və müasir texnoloji həlləri ilə Türk Silahlı Qüvvələrinin cari və gələcək ehtiyaclarına cavab verəcək şəkildə inşa olunacaq.

Bildirilib ki, qərargah kibertəhlükəsizlik, ballistik müdafiə, kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) təhdidlərinə qarşı mühafizə sistemləri, eləcə də qabaqcıl mühəndislik həlləri ilə təchiz ediləcək. Təhlükəsizlik tədbirləri isə Türkiyənin "Polad Qübbə" konsepsiyasına uyğun qurulacaq.


Milli Müdafiə Nazirliyinin qiymətləndirməsinə görə, "Ay Ulduz" Müştərək Qərargahı "Türkiyə Yüzili" strategiyası çərçivəsində ölkənin müdafiə sahəsində strateji mərkəzlərindən birinə çevriləcək.

Həmçinin bildirilib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində xarici ölkələrin müdafiə nazirləri və NATO-nun yüksək səviyyəli nümayəndələri üçün də məhz bu qərargahda rəsmi qəbul təşkil olunacaq.

"AzPolitika.info"