"Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi ilə bağlı hüquqi tənzimləmələrin təkmilləşdirilməsi zərurəti gündəmə gəlib. Müzakirə olunan qanunvericilik dəyişikliklərinin əsas məqsədi sosial media platformalarına çıxışı məhdudlaşdırmaq deyil, azyaşlıların rəqəmsal mühitdə təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməkdir".

Bunu "AzPolitika"ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, müasir dövrdə internet və sosial şəbəkələr uşaqlar üçün həm geniş imkanlar yaradır, həm də müəyyən risklər formalaşdırır. 

"Nəzarətsiz istifadə kibertəqib, zərərli məzmunla qarşılaşma, şəxsi məlumatların təhlükə altına düşməsi, internet asılılığı və psixoloji təsirlər kimi problemlərə səbəb ola bilər. Buna görə də qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər qadağa deyil, qoruyucu mexanizmlərin gücləndirilməsinə yönəlib", - deyə deputat bildirib.

Vüqar İskəndərov bildirib ki, dövlətin əsas məqsədi uşaqların informasiya əldə etmək hüququnu qorumaqla yanaşı, onların rəqəmsal təhlükəsizliyini də təmin etməkdir: "Bu baxımdan sosial media platformalarının məsuliyyətinin artırılması, valideyn nəzarətinin gücləndirilməsi və yaşa uyğun təhlükəsizlik alətlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır".

Deputat qeyd edib ki, beynəlxalq təcrübədə də sosial şəbəkələrdə yaş məhdudiyyətləri və yaşın təsdiqi mexanizmləri getdikcə daha geniş tətbiq olunur. 

"Azərbaycanda da bu istiqamətdə həyata keçiriləcək hüquqi tənzimləmələrin məqsədi uşaqların hüquqlarının müdafiəsini gücləndirmək və rəqəmsal mühitdə yarana biləcək riskləri minimuma endirməkdir" - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, yaşın yoxlanılması müxtəlif texniki həllər vasitəsilə həyata keçirilə bilər. Bu zaman əsas prinsiplərdən biri istifadəçilərin şəxsi məlumatlarının məxfiliyinin qorunması və hüquqlarının təmin edilməsidir.

Deputat vurğulayıb ki, rəqəmsal təhlükəsizliyin təmin olunması yalnız dövlətin deyil, eyni zamanda valideynlərin, təhsil müəssisələrinin və sosial media platformalarının ortaq məsuliyyətidir.

"Qanunvericilik dəyişiklikləri uşaqların sosial şəbəkələrdən daha təhlükəsiz istifadə etməsinə şərait yaradacaq və dövlətin uşaq siyasətində yeni mərhələnin formalaşmasına töhfə verəcək" - V. İskəndərov bildirib.

E. İsmayıllı

"AzPolitika.info"