ABŞ Prezidenti Donald Trampnın NATO Zirvəsində iştirak etmək üçün Ankaraya səfəri ərəfəsində onun qalacağı oteldə və ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.
Məlumata görə, Trampın qalacağı "JW Marriott" oteli tamamilə bağlanıb və burada yalnız ABŞ prezidentinin özü, nümayəndə heyəti və təhlükəsizlik əməkdaşları yerləşdiriləcək. Otelin ətrafında polis və xüsusi təyinatlı qüvvələr növbə çəkir, giriş-çıxışlar isə ciddi nəzarət altında saxlanılır. Əraziyə baryerlər quraşdırılıb, nəqliyyat vasitələri və piyadalar xüsusi yoxlamadan sonra buraxılır.
Bildirilir ki, Trampın Türkiyədə istifadə edəcəyi helikopter hissələr şəklində ölkəyə gətirilib. Bundan əlavə, prezidentin mühafizəsini təmin edəcək iki xüsusi avtomobil də əvvəlcədən Ankaraya çatdırılıb. ABŞ prezidentinin sabah yerli vaxtla saat 14:00-da Ankaraya gəlməsi gözlənilir.
Məlumata əsasən, Trampın qalacağı 190 kvadratmetrlik prezident nömrəsinin pəncərələri gülləkeçirməz şüşələrlə təchiz olunub, divarlar isə mümkün partlayışlara qarşı xüsusi şəkildə möhkəmləndirilib. Otelin təhlükəsizliyi həm Türkiyə hüquq-mühafizə orqanları, həm də ABŞ Gizli Xidməti tərəfindən təmin ediləcək.
Zirvə öncəsi NATO əməkdaşlarının da otelə yerləşməyə başladığı, onların rentgen yoxlamalarından keçirildikdən sonra binaya buraxıldığı bildirilir. NATO Zirvəsi ərəfəsində Ankarada təhlükəsizlik tədbirlərinin zirvə başa çatanadək davam etdiriləcəyi qeyd olunur.
"AzPolitika.info"

Şərhlər