Silahlı şəxslər Pakistanın cənub-qərbində polis postuna hücum edərək doqquz polis əməkdaşını qətlə yetiriblər, bir neçə nəfər isə yaralanıb.

"AzPolitika" xəbər verir ki, hücum bazar ertəsi gecəsi Bəlucistan əyalətinin Ziarat rayonunun ucqar bir ərazisində baş verib.

Polisin məlumatına görə, hücum edənlər səkkiz polisi qaçırıblar, lakin sonradan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində hamısı azad edilib.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind əməliyyatın 15 yaraqlının öldürülməsi ilə başa çatdığını bildirib. O, silahlı qruplara qarşı kəşfiyyat əməliyyatlarının davam edəcəyini və hakimiyyətin təhlükəsizlik qüvvələrinə edilən hər hansı bir hücuma qəti cavab vermək niyyətində olduğunu vurğulayıb.

Hücuma görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, baş verənlərin Pakistanda qadağan olunmuş Bəlucistan Azadlıq Ordusunun işi olduğu ehtimal edilir.