Erməni oliqarx, müxalif Çiçəklənən Ermənistan partiyasının lideri Qaqik Tsarukyanın həbsində İranla bağlı məqamlar var.
“AzPolitika” xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bu gün keçirilən mətbuat konfransında bu mövzuyla bağlı açıqlama verib.
Səfirin erməni mediasında dərc edilən açıqlamasınad deyilir: "Ermənistan-İran ticarət mərkəzi layihəsinin həyata keçirilməsinin uğurlu olmamasından təəssüflənirik. Bu layihə xoşməramlı niyyətə və İran vətəndaşlarının, eləcə də Qaqik Tsarukyanın iştirak etdiyi Ermənistan-İran ticarət mərkəzini yaratmaq istəyinə əsaslanır".
Şirqolami qeyd edib ki, mərkəzin açılışından bəri İran səfirliyi yaranan problemlərin həllində ardıcıl olaraq iştirak edir. Məqsəd ikitərəfli ticarəti artırmaq və İran mallarının Ermənistan bazarında daha çox iştirakını təmin etmək idi.
Səfir layihə ilə bağlı tərəflər arasında bəzi iqtisadi fikir ayrılıqlarının yaranmasından təəssüfləndiyini əlavə edib: "Hadisələrin inkişafının problemlərlə dolu olduğu aydın olduqdan sonra vasitəçilik etməyə və tərəfləri konsensusa gətirməyə çalışdıq. Qarşılıqlı məqbul bir həll yolu hazırlamağa kömək etmək üçün sona qədər hər iki tərəflə əlaqə saxladım. Bu gün hüquqi prosesləri müşahidə edirik, sənədlər və sübutlar əsasında həllin mümkün olacağına ümid edirik”.
Səfir əlavə edbi ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlər nəzərə alınmaqla, İran bu kontekstdə heç bir qaranlıq tərəfin qalmasını istəmir.
Beləliklə, söhbət ondan gedir ki, Tsarukyan Ermənistan-İran ticarət evi layihəsilə bağlı maxinasiyalarda ittiham olunur və bu işdə İran tərəfinin də adı hallanır. Ermənistanın İstintaq Komitəsi Tsarukyana dair 2022-2024-cü illər arasında irimiqyaslı fırıldaqçılıq və külli miqdarda çirkli pulların yuyulması ittihamı ilə bağlı bəyanat yayıb. Onun vəkilləri isə ittihamın Ermənistan-İran ticarət mərkəzinin fəaliyyəti ilə əlaqəli olduğunu açıqlayıblar. Bundan sonra məhkəmə erməni oliqarxı iki ay müddətinə həbs edib.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər