Balakən rayonunda leysan xarakterli yağışlardan sonra sel yaranıb. Həyətləri, küçələri su basıb, təsərrüfatlara ziyan dəyib.
"AzPolitika"nın Xezerxeber.az-ə istinadən verdiyi məlumata görə, Böyük Qafqaz dağlarının cənub ətəklərinə yağan leysan yağışları səbəbindən bölgənin Balakən, Katex, Hunbul, Tala, Muxax və digər çaylarında suyun səviyyəsi kəskin artıb, sel təsərrüfatlara ziyan vurub.
Rayon icra hakimiyyətindən bildirilib ki, sel bir neçə kənddə fəsadlar törədib.
Zaqatalada da dağ çaylarının məcrasından çıxması səbəbindən bəzi həyətyanı sahələrə sel suları dolub. Əhalinin taxıl, qarğıdalı və bostan-tərəvəz sahələrinə, fındıq bağlarına sel suları dolub, təsərrüfatlara ziyan dəyib. Bundan başqa, elektrik dirəkləri aşıb, rabitə naqilləri qırılıb.
Zaqatala şəhərinin yuxarı hissəsində çayın üstündəki piyada körpüsünü sel suları dağıdıb. Çayın sol sahilindəki inşa edilən bir neçə obyektin bünövrəsini sel suları yuyub, obyektlər qəzalı vəziyyətə düşüb. Şəhərdaxili bir neçə küçəyə, həyətyanı sahələrə sel suları dolub. Tala və Bəkməz çaylarının məcrasından çıxması səbəbindən Yolayrıc, Maqov, Höytala kəndlərinin inzibati ərazilərini sel suları basıb.
Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Şərhlər