Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki neft emalı zavodlarına (NEZ) ardıcıl və dağıdıcı dron zərbələri endirməsi ölkənin daxili yanacaq bazarında ciddi böhran yaradıb. Rusiya hökuməti yaranmış defisiti aradan qaldırmaq üçün kəskin addımlar atmağa məcbur olub.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak hökumətin Prezident Vladimir Putinlə keçirilən iclasında bəyan edib.

A. Novakın sözlərinə görə, iyulun 8-dən etibarən ölkədən dizel yanacağının ixracına tam qadağa qoyulub. Bununla yanaşı, yaxın vaxtlarda Rusiyaya xaricdən idxal olunan neft məhsullarının gətirilməsinə başlanılacaq. Novak dron zərbələri nəticəsində bir sıra strateji neft emalı zavodlarının zədələndiyini etiraf edərək, daxili bazarda vəziyyətin qismən stabilləşdiyini, lakin hələ də mürəkkəb olaraq qaldığını bildirib.

Hökumət böhrandan çıxmaq üçün fəaliyyətdə olan zavodların gücünü maksimum həddə çatdırıb, əvvəlki ehtiyatları bazara yönəldib və planlı təmir işlərini təxirə salıb. Xatırladaq ki, bundan əvvəl Rusiyada benzin və aviasiya kerosininin də ixracı qadağan edilmişdi. Hazırda ölkənin demək olar ki, bütün regionlarında yanacaq satışına məhdudiyyətlər qoyulub, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və qiymətlər kəskin bahlaşıb.

Yaranmış vəziyyətdə Rusiya Prezidenti Vladimir Putin maraqlı təkliflə çıxış edib. O, ölkədə çoxlu sayda "mini neftayırma zavodları"nın yaradılması ideyasını dəstəkləyib. Putinin fikrincə, Ukrayna dronlarının bu cür kiçik obyektləri hədəf alması və onlara zərbə endirməsi xeyli çətin olacaq:

"Bu təklif nəzərə alınmalı və kiçik, orta biznesin neft məhsulları istehsalı sahəsində fəaliyyət imkanları mümkün qədər tez genişləndirilməlidir".

Artıq Rusiyanın məşhur "Avito" elanlar saytında qiyməti 1 milyon rubldan (təxminən 11-12 min dollar) başlayan "mini-NEZ"lərin satışı barədə elanlar peyda olmağa başlayıb. Bu qurğuların sutkada 500 litrdən 200 kubmetrə qədər neft, eləcə də mazut emal etmək gücündə olduğu iddia edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bəyan etmişdi ki, Ukrayna ordusu Rusiyanın demək olar ki, bütün iri neft emalı zavodlarını sıradan çıxarıb və bu zərbələr hər gün davam etdirilir. Son olaraq iyulun 8-də Nijnekamskda yerləşən "TAİF-NK" SC-nin zavodu dron hücumuna məruz qalıb.

ABŞ Prezidenti Donald Tramp isə məsələyə münasibət bildirərkən qeyd edib ki, Rusiyanın enerji infrastrukturuna vurulan bu cür ağır zərbələr rəsmi Moskvanı Ukraynaya qarşı müharibəni dayandırmağa və danışıqlara başlamağa məcbur edə bilər.

Rasim

“AzPolitika.info”