Azərbaycanın Türkiyədə keçirilən NATO sammitində iştirak etməməsi mövzusu, xüsusilə Azərbaycan-Türkiyə münasibətləri kontekstində bəzi spekulyasiyalara səbəb olub. 

"AzPolitika"ın xəbərinə görə, mövzunu şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, bu məsələdə hər hansı qeyri-adi məqam axtarmağa ehtiyac yoxdur.

Politoloq qeyd edib ki, Türkiyədəki hər bir irimiqyaslı hadisə təbii olaraq Azərbaycan ictimaiyyətinin diqqətini cəlb edir: "Azərbaycanın bu cür böyük tədbirlərdə, hətta onun bir parçası olmasa belə, xüsusi qonaq qismində iştirak etmək ənənəsi var. Bu, həmişə belə olub və gələcəkdə də davam edəcək! Azərbaycanın builki sammitdə olmaması səbəbindən Azərbaycan-Türkiyə münasibətlərində qeyri-adi (ekstraordinary) heç bir şey baş verməyib".

F. Məmmədovun sözlərinə görə, Ankaranın ev sahibliyi etdiyi sammitin gündəliyi Ukrayna istisna olmaqla, digər tərəfdaş ölkələrin iştirakını nəzərdə tutmurdu:


"Bu sammitin əsas məqsədi Avropa iştirakçıları ilə ABŞ, eləcə də alyansın digər üzvləri arasındakı daxili ziddiyyətlər fonunda birlik nümayiş etdirmək və Ukraynaya dəstək göstərmək idi. Bütün qüvvə və resurslar parçalanmanın qarşısını almağa yönəlmişdi. Sammit müstəsna olaraq daxili mövzular və Ukrayna ilə bağlı idi. İndiki zamanın reallığı budur".

Ekspert vurğulayıb ki, builki toplantıda NATO üzvü olmayan tərəfdaş ölkələrin iştirak etdiyi ənənəvi iclaslar (məsələn, "Sülh naminə tərəfdaşlıq" proqramı, ayrı-ayrı bölgələrdəki sülhməramlı əməliyyatlar və s.) təşkil olunmayıb: "Bu mövzular müzakirə predmeti olmadı, çünki ortada alyansın mövcudluğu məsələsi var idi. Azərbaycan da məhz bu qeyd olunan proqramlar çərçivəsində sammitlərdə iştirak edirdi. Əgər bu mövzular müzakirə edilmirsə, o zaman iştiraka da ehtiyac qalmır".

Politoloq həmçinin əlavə edib ki, Türkiyə həm forma, həm də məzmun baxımından sammitin təşkilinin öhdəsindən parlaq şəkildə gəlib.

Fərhad Məmmədov diqqəti digər mühüm bir regional kontekstə də çəkib. O xatırladıb ki, NATO sammitinin keçirildiyi günlərdə Prezident İlham Əliyev Bakıda ABŞ-nin nüfuzlu senatoru Stiv Deynsi qəbul edib:

"Senator Deyns ABŞ-Azərbaycan münasibətləri ilə yaxından məşğul olan şəxslərdən biridir. Bu cür səfərlər əvvəlcədən planlaşdırılır və o deməkdir ki, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərdə konstruktiv dinamika qorunub saxlanılır".

Rasim Əliyev

"AzPolitika.info"