Erməni oliqarx, Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın şəxsi zooparkından aparılan üç şirdən biri İrəvan zooparkına çatmamış ölüb.
“AzPolitika” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İş o yerə çatıb ki, məsələyə şəxsən Baş nazir Nikol Paşinyan münasibət bildirməli olub.
O deyib ki, “əgər məsuliyyətə cəlb edilməli olan şəxs varsa, məsuliyyətə cəlb olunacaq, bildiyim qədəri ilə, bu hadisə ilə bağlı artıq istintaq başlayıb”.
Zooparkdan verilən məlumata görə, heyvan anesteziya edildikdən sonra özünə gəlməyib. Ölüm səbəbi qocalıq və əlaqəli xəstəliklər olub.
Heyvanlar həbs edilən Tarukyanın işi ilə bağlı dəlil kimi müsadirə ediliblər. Onların arasında timsahlar da olub. “Hraparak” yazır ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin nümayəndələrinin müşayiəti ilə müstəntiqlər iyulun 8-də timsahları götürmək üçün Tsarukyanın evinə gediblər və onları zooparka aparmaq istəyiblər. Bu vaxt timsahlardan biri ona yaxınlaşan zabiti parçalamağa cəhd edib, lakin sonuncu heyvanın pəncəsindən qaçmağı bacarıb. Timsah onu dişləyib və zabit təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Qaqik Tsarukyan 2022-2024-cü illər arasında İrandan mal və yanacaq idxal etmək üçün qanunsuz sxem təşkil edib. Nəticədə İstintaq Komitəsinin məlumatına görə, təxminən 21,7 milyon dollar vəsait oğurlanıb.
“AzPolitika.info”

Şərhlər