“Forbes”in Rusiya milyarderləri siyahısında 20 milyardlıq sərvətilə 8-ci yeri tutan Andrey Melniçenkonun “The Econimist” jurnalında sensasiyalı yazısı dərc edilib.

“AzPolitika” xəbər verir ki, milyarder yazısında müharibədən sonra Rusiyanın mümkün dağılması ssenarisini təsvir edib.

Melniçenko yazısında Putinlə görüşü, ölkəni tərk etmiş elitaların Rusiyaya qayıtması və ölkənin gələcəyinə təsir göstərmək üçün sistemə inteqrasiya perspektivi barədə danışıb.

Melniçenko Qərbi Rusiyanın “suverenliyini” qorumağa çağırıb və Rusiyanı gözləyən mümkün ssenariləri sadalayıb. O qeyd edib ki, hadisələrin indiki gedişi nə Moskvaya, nə də Qərbə fayda verməyəcək.

O, eyni zamanda Qərbin Rusiyanın suverenliyini qorumasını, Putinin isə biznesin idarəetmədə iştirakına icazə verməsini təklif edib.

Melniçenko bildirib ki, Nobel mükafatı laureatı, “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratovdan tutmuş “Putinin filosofu” Aleksandr Duqinə qədər geniş spektrə aid insanlarla fəal şəkildə görüşməyə başlayıb. 

Onun gəldiyi nəticə budur ki, hər kəsin fərqli maraqları var. Amma ortaq bir çatışmazlıq da var – “Rusiya gələcək haqqında aydın təsəvvürünü itirib”.

Andrey Melniçenko

Yazıda Melniçenko Qərblə Rusiya arasında qarşıdurmanın əbədi ola bilməyəcəyini qeyd edib və Rusiyanı gözləyən 5 ssenari barədə xəbərdarlıq edib: Rusiyanın parçalanması, Şimali Koreya kimi mühasirəyə alınmış “qalaya” çevrilməsi, alçaldılmış şəkildə Qərbin pereferiyasına qayıtması, Çinin xammal əlavəsinə çevrilməsi və suveren Rusiyanın yaradılması. 

Əvvəlki dörd ssenariyə qarşılıq olaraq o, "suveren" Rusiyanı - vətəndaşlarının azadlığını və mülkiyyətini qoruyan, elitaların maraqlarını nəzərə alan və xarici dünya üçün proqnozlaşdırıla bilən bir ölkəni göstərir.

Melniçenko daxili münaqişəni və ölkənin dağılmasını ən təhlükəli ssenari hesab edir. O, Rusiyanın müxtəlif qüvvələr arasında resurslar, təsir və nüvə dövlətinin ərazisi üzərində nəzarət uğrunda mübarizəyə girə biləcəyini qeyd edir. 

Milyarder yazır: "Parçalanmış Rusiya siyasi diskursda cəlbedici obraz ola bilər, lakin risklərin idarə edilməsi baxımından o, daha az cəlbedicidir".


Onun fikrincə, başqa bir sərt ssenari Rusiyanın mühasirəyə alınmış dövlətə - Şimali Koreya modelinə əsaslanan qapalı, hərbiləşdirilmiş bir ölkəyə çevrilməsidir. Oliqarxın sözlərinə görə, bu ssenari ölkənin təcrid, repressiya, məhdud inkişaf imkanları və daimi səfərbərlik yaşamasına səbəb olacaq. 

Melniçenko yazır ki, "Qala mentalitetində ilişib qalan Rusiya xarici qarşıdurmanı daxili siyasətin daimi alətinə çevirəcək".

O həmçinin hesab edir ki, Ukraynadakı müharibənin digər ölkələrə də yayılma ehtimalı artır. Melniçenko yazısında nüvə silahlarının istifadəsi də daxil olmaqla, daha böyük eskalasiya riskləri barədə də xəbərdarlıq edir.

O, Rusiyanın Qərb dünyasına qayıtmasının mümkün olduğuna da inanır. Bu ssenari baş verərsə, ölkə təcriddən çıxacaq və Qərb iqtisadi sisteminə yenidən inteqrasiya olacaq, lakin periferiyada, kənarda qalacaq. Yəni, vacib oyunçu, əsas fiqurlardan biri olmayacaq. Rusiya bundan sonra xarici güc mərkəzlərinin təsiri altına düşə və müstəqilliyini itirmək hissi ilə üzləşə bilər ki, bu da gələcəkdə yenidən revanşizmə səbəb ola bilər.

Dördüncü ssenari Rusiyanın Çinin təsir orbitinə keçidini əhatə edir. Bu halda, Moskva təbii sərvətlərin təchizatçısına, Çin malları üçün bazara və Çin ilə Qərb arasında strateji buferə çevrilir. Melniçenko hesab edir ki, belə bir model nə Rusiyanın, nə də Çinin maraqlarına xidmət etmir. Çünki bu halda Rusiya müstəqilliyini itirəcək, Pekin isə asılı tərəfdaşın problemlərilə və ruslar arasında artan narazılıq səbəbindən əlavə xərclərlə üzləşəcək.


Milyarderin fikrincə, Rusiyanın Qərb periferiyasına inteqrasiyası ilə Çindən asılılığı arasındakı fərq az olacaq. Hər iki halda Rusiya asılılıq hissini saxlamaq riski daşıyır ki, bu da aqressiv millətçiliyi alovlandıra bilər.

Onun fikrincə, son və yeganə müsbət ssenari suveren Rusiyanın yaradılmasıdır.  "Suverenlik" dedikdə, o, nə Qərblə qarşıdurmanı, nə də supergüc statusunun bərpasını yox, ölkənin müstəqil inkişaf etmək, vətəndaşlarının maraqlarını qorumaq və insanlara ölkə daxilində yaşamaq və işləmək istədikləri şəraiti yaratmağı nəzərdə tutur.

O hesab edir ki, Rusiyanın uzunmüddətli inkişafı üçün idarəetmədə geniş qrupların iştirakı zəruridir: sahibkarlar, vətəndaş cəmiyyəti nümayəndələri, texnokratlar, milli yönümlü qüvvələr və elitalar. Əsas məqsəd Rusiyanı insanların qayıtmaq istədiyi bir ölkəyə çevirməkdir, çünki o, təhlükəsiz olacaq və özünü reallaşdırmaq üçün imkanlar təqdim edəcək.


Melniçenko yazır: "Bu Rusiya Qərb və ya Çin üçün əlverişli olmamalıdır. O, ilk növbədə öz vətəndaşlarına qayğı göstərməli və xarici dünya ilə münasibətlərində proqnozlaşdırıla bilən və rasional olmalıdır. Belədə Rusiya Qərb üçün çətin tərəfdaş ola bilər, amma "qara dəlik" olmayacaq. O, Çin üçün sərfəli satellit dövlət olmaya bilər, amma o, eyni zamanda böyük və qeyri-sabit vassala nisbətən daha təhlükəsiz olacaq".

Əvvəldə qeyd edildiyi kimi, Melniçenko milyarderdir, “EuroChem” və “SUEK” şirkətlərinin sahibidir. Onun sərvəti 20,4 milyard dollar qiymətləndirilir. Onun biznesi Rusiyanın ÜDM-nin təxminən 1%-ni təşkil edir ki, bu da ciddi rəqəmdir.

"The Economist" qeyd edir ki, Melniçenkonun bu təklifləri həm də onun şəxsi maraqlarına əsaslanır: o, Rusiyanın özünün və ailəsinin gələcəyinin olduğu bir ölkə olaraq qalmasını istəyir. Ölkə təcrid olunarsa və qapalı olarsa, övladları üçün perspektivlər az olacaq və daxili münaqişə yaranarsa, onun özünün taleyi təhlükə altında qala bilər.

Nəşr vurğulayır ki, Melniçenko nə müharibə əleyhinə dissident, nə də müharibənin qatı tərəfdarıdır. Lakin onun şirkətləri Rusiya hərbi iqtisadiyyatının bir hissəsi olaraq qalır. Buna baxmayaraq, nəşr bu oliqarxı “Rusiyanı dəyişdirə biləcək adam” hesab edir.

Nəşr hesab edir ki, Melniçenkonun bu yazısı təsadüfi deyil. Çünki Moskva çıxılmaz vəziyyətə düşüb: müharibə Rusiya ərazisinə çatıb, iqtisadiyyat təzyiq altındadır, elita arasında narazılıq yaranır və nüvə eskalasiyası riski artıb. Milyarderlər üçün də risklər çoxalıb. Melniçenko başa düşür ki, Rusiyada əmlakı qorumaq üçün yalnız "danışıqlar aparmaq" deyil, həm də sistemə daxil olmaq və onun məqsədlərinə təsir etmək lazımdır.

Nəşr hesab edir ki, Melniçenkonun ideyalarının həyata keçirilməsi Rusiyada dərin siyasi dəyişikliklər demək olardı, baxmayaraq ki, iş adamı açıq şəkildə Vladimir Putinin rejiminin birbaşa dəyişdirilməsinə çağırmır. Bununla yanaşı, jurnal qeyd edir ki, milyarder Putinin hakimiyyətdən uzaqlaşdırılması lazım olduğunu deməsə də, onun istədiyi dəyişikliklər Putinin təkbaşına hakimiyyətinin sonu demək olardı.

C.Məmmədli

“AzPolitika.info”