Nobel mükafatı laureatı və "Novaya Qazeta"nın həmtəsisçisi Dmitri Muratov keçmiş Rusiya prezidenti və hazırkı Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə qarşı iddia qaldırıb.

“AzPolitika” xəbər verir ki, Muratov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edərək Dmitri Medvedevin nüvə təhdidi mahiyyəti daşıyan açıqlamalarının araşdırılmasını tələb edib.

Müraciətə həmçinin, Çeçenistan lideri Ramzan Kadırov, iş adamı Konstantin Malofeyev və Hava Hücumundan Müdafiə Qüvvələri Muzeyinin direktoru Yuri Knutovun adları daxil edilib və onların da açıqlamalarının araşdırılması tələb olunub.

Muratov hesab edir ki, Medvedev başda olmaqla bu şəxslərin nüvə silahının istifadəsi ilə bağlı ictimai açıqlamaları Rusiya Cinayət Məcəlləsinin 354-cü maddəsi ilə ”təcavüzkar müharibəyə açıq çağırışlar” kimi qiymətləndirilməlidir.


Jurnalistin müraciətində Medvedevin yazılarının birində “hollandlarla müharibə halında həbs düşərgələrinə ehtiyac olmayacaq, çünki radioaktiv sümüklər və küllər adətən torpağın dərinliyində basdırılır" fikri misal gətirilir.

Kadırova gəlincə, Muratov onun "aşağı güclü nüvə silahlarının istifadəsi də daxil olmaqla daha kəskin tədbirlərin görülməsinə" dair çağırışını qeyd edib.

Malofeyevlə bağlı iddia isə onun Sankt-Peterburq İqtisadi Forumundakı çıxışı və Ukraynaya 20-25 kilotonluq nüvə zərbəsi endirilməsini təklif etdiyi “Tsarqrad” platformasındakı köşə yazısı ilə bağlıdır.

Muratov həmçinin hərbi ekspert Yuri Knutovun "Rossiyskaya Gazeta"da dərc olunmuş məqaləsindən bəhs edir. Orada düşmənin müdafiəsini pozmaq üçün nüvə zərbələrinə ehtiyac olduğu qeyd edilir.

Jurnalist vurğulayır ki, Rusiya qanunları təcavüzkar müharibəyə açıq çağırışları qadağan edir və belə bir münaqişədə nüvə silahından istifadə silahlı təcavüzün ən ağır formalarından biridir.

Göründüyü kimi, nüvə təhdidləri Rusiya ziyalı elitasını da narahat edir və az sayda olan Muratov kimilər tərəfindən bu ritorikanın hansı acı nəticələr verə biləcəyi müharibə və impariyaçılıq ideologiyası ilə zəhərlənmiş cəmiyyətin diqqətinə çatdırılmağa çalışılır.

Qeyd edək ki, Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə alıb və hazırda Rusiyada yaşayır.

C.Məmmədli

“AzPolitika.info”