Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın iri neft emalı zavodlarına təşkil etdiyi ardıcıl hücumlar qonşu ölkənin yanacaq bazarında ciddi fəsadlar törədib. 

"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" agentliyi özünün etibarlı mənbələrinə və müstəqil hesablamalarına istinadən məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində Rusiyada benzin istehsalı kəskin şəkildə azalıb və hazırda mövsümi tələbatın yalnız 65 faizini ödəyə biləcək səviyyəyə düşüb.

Ukrayna PUA-larının hədəfi olan və Rusiyanın ən böyük iki benzin istehsalçısı hesab edilən Omsk və Nijni Novqorod vilayətlərindəki neft emalı zavodları, eləcə də Saratov zavodu fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalıb. Bu obyektlərin sıradan çıxması ölkədə kəskin defisit yaradıb.

Agentliyin sahə üzrə ekspertləri və mənbələri bildirir ki, Rusiya hazırda gündəlik 40-45 min ton benzin açığı ilə qarşı-qarşıyadır. Hazırda ölkədəki yanacaq çatışmazlığı yay aylarındakı ümumi tələbatın təxminən 35 faizini təşkil edir. Vəziyyətin getdikcə pisləşdiyi müşahidə olunur; belə ki, iyun ayında bu rəqəm 25 faiz səviyyəsində idi.

Rusiya rəsmiləri yaranmış kəskin yanacaq böhranını önləmək üçün təcili addımlar atmağa başlayıblar. Hökumət daxili bazarı qorumaq məqsədilə benzin ixracına qadağa qoyub və çatışmazlığı xarici idxal hesabına kompensasiya etməyə çalışır.

Mənbələrin bildirdiyinə görə, əgər zavodlara yeni zərbələr endirilməzsə və idxal prosesi sürətlənərsə, iyulun ortalarından etibarən vəziyyətin qismən sabitləşəcəyi gözlənilir. Lakin Ukrayna tərəfinin hücum intensivliyini artırması bu proqnozları hər an alt-üst edə bilər.

Rasim Əliyev

"AzPolitika.info"