Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı beynəlxalq gündəmdə yer alan müharibə və münaqişələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.

"AzPolitika" xəbər verir ki, dövlət başçısı çıxışında Azərbaycanın bu məsələdə prinsipial mövqeyini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.

Forum çərçivəsində Prezident İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordonun suallarını da cavablandırıb. Jurnalist ötən il Şuşa Qlobal Media Forumunda dövlət başçısının Ukraynaya verdiyi tövsiyəni xatırladaraq, hazırkı hərbi-siyasi vəziyyət fonunda onun bu gün Ukrayna və Rusiya rəhbərliyinə hansı mesajı verəcəyini soruşub.

Dmitri Qordon: “Siz ötən il bu zalda mənə dediniz ki, heç vaxt münaqişə ilə barışmayın. Bir çox dəyişiklik baş verib. Bu gün bütün dünya görünür ki, Krım yarımadası artıq mühasirəyə alınıbdır. Bu gün bütün dünya görür ki, dünyanın ən zəngin neft-qaz ölkəsində benzin üçün yanacaqdoldurma stansiyalarında uzun növbələr var. Bu gün Ukrayna dronları Moskva, Sankt-Peterbuqdan Sibirədək Rusiyanın müxtəlif ərazilərinə zərbələr endirir. Bu gün yeni vəziyyətdə Ukraynaya yenidən nə məsləhət görərsiniz? Bu gün Putinə nə məsləhət görərdiniz? Çünki, zənnimcə, onun heç bir yaxşı çıxış yolu yoxdur”.

Prezident İlham Əliyev cavabında ötən il səsləndirdiyi fikrin dəyişmədiyini bildirib və qeyd edib: “Ötənilki sualınıza və mənim tövsiyəmə gəlincə, düşünmürəm ki, Ukrayna hökuməti və xalqının mənim məsləhətimə ehtiyacı var. Amma mən bir daha onu təkrar etmək istəyirəm - münaqişə ilə razılaşmayın. Və siz məhz bunu edirsiniz. Düzdür, çətin dövrlər olub bu il ərzində və biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqləri olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub. Ukrayna xalqı və hakimiyyəti təbii ki, buna razı olmadı.

Qarşı tərəf mənim məsləhətimi soruşsa, mən mövqeyimi bildirirəm, amma düşünürəm ki, bu gün mənim qarşı tərəfə tövsiyə verməyim uyğun olmaz. Mənim qiymətləndirməyimə və perspektivlərə gəlincə, proqnozlarımız üst-üstə düşür. Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.