İsrailin xarici kəşfiyyat xidməti Mossadın İranın sabiq prezidenti Mahmud Əhmədinejadı illərlə gizli mənbə kimi istifadə etdiyi iddia olunur.

Bu barədə "The New York Times" ABŞ və İran kəşfiyyatındakı yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Mossad İran hakimiyyətində dəyişiklik etmək və Əhmədinejadı yenidən ölkə rəhbərliyinə gətirmək məqsədilə onunla uzun müddət gizli əməkdaşlıq edib. Bildirilir ki, bu proses 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən iqlim dəyişikliyi ilə bağlı konfrans zamanı başlayıb.

Məlumata əsasən, konfrans əslində örtülü görüş üçün təşkil edilib və həmin vaxt Mossad rəhbəri David Barnea Əhmədinejadla şəxsən görüşüb. Görüşdən sonra isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlandırıldığı iddia edilir.

Qəzet yazır ki, prezident olduğu dövrdə İsrail əleyhinə sərt bəyanatları ilə tanınan Əhmədinejad sonradan mövqeyini dəyişərək, hakimiyyətə qayıdacağı təqdirdə İranı "İbrahim sazişləri"nə qoşacağını və İsraillə münasibətləri normallaşdıracağını vəd edib. İddialara görə, o, müxtəlif xarici səfərləri və digər xərcləri üçün Mossaddan gizli maliyyə dəstəyi də alıb.

Məqalədə həmçinin bildirilir ki, 2026-cı ilin fevralında İranla bağlı hərbi əməliyyatların ilk günlərində ABŞ və İsrail Əhmədinejadın Tehrandan çıxarılması üçün xüsusi əməliyyat həyata keçirməyə cəhd edib. İddiaya görə, bombardman zamanı Mossad əməkdaşları onu təhlükəsiz evə aparsalar da, Əhmədinejad sonradan bu plandan imtina edib.

Nəşr yazır ki, daha sonra İran İnqilab Keşikçiləri Korpusu onun İsraillə əlaqələrini üzə çıxarıb və sabiq prezident ev dustaqlığına alınıb.

Bundan başqa, məqalədə İsrailin planının digər hissəsinin İraqın şimalında fəaliyyət göstərən PJAK qruplaşmasının silahlandırılması və İranın qərb sərhədindən daxil olaraq mümkün hakimiyyət dəyişikliyinə dəstək verməsi olduğu da iddia edilir.

"AzPolitika.info"