Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (PSQ) Azov dənizində Rusiya Federasiyasının "kölgə donanması"na qarşı irimiqyaslı və unikal hərbi əməliyyat keçirib. 8 gün davam edən gərgin döyüşlər nəticəsində bölgədəki qüvvələr nisbəti kökündən dəyişib.

Bu barədə hərbi ekspert Aqil Rüstəmzadə Azov dənizindəki son vəziyyəti şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, Ukraynanın həyata keçirdiyi bu əməliyyat Rusiya ordusunun təhlükəsiz hesab etdiyi logistik marşrutları tamamilə iflic edib.

8 günlük əməliyyatın əsas nəticələri:

-Əməliyyat müddətində Rusiya tərəfinə məxsus ümumilikdə 105 gəmi hədəfə alınıb;

-Təkcə Taganrog körfəzi istisna olmaqla, Azov dənizinin bütün akvatoriyası Rusiyanın tanker və quru yük gəmilərindən (kölgə donanmasından) tamamilə təmizlənib;

-Qaçış və cəmləşmə: Ukrayna dronlarının zərbələrindən qaçmağa çalışan Rusiya, 50-dən çox gəmisini təcili şəkildə Taman yarımadasının digər tərəfinə - Qara dənizə keçirməyə məcbur olub;

-Rusiya RƏB-i tab gətirmədi: Kosmik peyklər vasitəsilə ərazidə Rusiya tərəfindən çox güclü Radioelektron Mübarizə (RƏB) vasitələrinin tətbiq olunduğu qeydə alınsa da, bu maneələr Ukrayna dronlarının hədəfləri məhv etməsinə mane ola bilməyib.

Aqil Rüstəmzadə qeyd edib ki, Rusiyanın öz donanmasını Qara dənizə qaçırması onları təhlükədən xilas etməyib, əksinə, daha asan hədəfə çevirib: "Hazırda Rusiya gəmiləri sahildən təxminən 15–30 kilometr məsafədə, dar bir ərazidə sıx şəkildə cəmləşib. Onlar burada yükləri bir gəmidən digərinə ötürməklə məşğuldurlar. Bu cür sıxlıq və sahildən uzaqlıq həmin donanmanı Ukraynanın növbəti dron zərbələri üçün ideal və olduqca həssas bir hədəfə çevirir."

Ekspert vurğulayıb ki, bu əməliyyatın strateji əhəmiyyəti olduqca böyükdür. Ukrayna bu addımı ilə Rusiyanı Azov dənizindəki ən təhlükəsiz və rahat logistik xətlərindən məhrum edib. "Kölgə donanması"nın qalıqlarının Qara dənizin müdafiəsiz hissəsinə sıxışdırılması Rusiya ordusunun həm hərbi, həm də iqtisadi təchizatına ağır zərbə vuracaq.

Rasim

"AzPolitika.info"