Ukrayna qəsdən Krım körpüsünə hücum etmir, çünki Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krımı tədricən təcrid etmək üçün Rusiya qoşunlarının logistikasını pozmaq taktikasını seçib.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert (Madyar) Brovdi britaniyalı jurnalist Kaelin Robertsona verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsas məqsədi körpünün özünü məhv etmək deyil, Rusiya qrupunu yanacaq, sursat, avadanlıq və personal əldə etmək imkanından məhrum etməkdir.

"Krımda yanacaq yoxdur və olmayacaq da", - deyə komandir bildirib.

Madyar Ukrayna qoşunlarının hələ də Krım körpüsünə hücum etməməsinin səbəblərini bu cür göstərib: "Biz Krım körpüsünə toxunmuruq... Qoy oradan dayanmadan keçsinlər və getsinlər... öz Rusiyalarına". Yəni, Ukrayna həmin körpünü Krıma sonradan gələn rusların və işğalçı qüvvələri dəstəkləyənlərin oranı tərk etməsi üçün yeganə yol olaraq saxlayır.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri yarımadadakı işğalçı qüvvələri dəstəkləyən logistikanı sistematik şəkildə hədəfə alır.

Brovdi vurğulayıb ki, Ukrayna bununla da genişmiqyaslı quru əməliyyatı keçirmədən işğal olunmuş Krımı təcrid etmək üçün şərait yaradır: "Biz elə şərait yaradırıq ki, hətta bir Ukrayna hərbçisinin həyatını qurban vermədən onların orada olmasını qeyri-mümkün edək".

“AzPolitika.info”