Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.
"L`Equipe" xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin daha üstün çıxış etdiyini etiraf edib: “Əsas səbəb o idi ki, imkanlarımızdan bir qədər aşağı səviyyədə oynadıq və hücumda bacara biləcəyimiz qədər təhlükəli ola bilmədik. Texniki səhvlərimiz və qol vəziyyətinə çevrilə biləcək uğursuz ötürmələrimiz oldu. Bunu qəbul etməliyik, nə qədər ağır olsa da. Bu, çox yüksək səviyyəli futbol izlədik. Bu, bizi mümkün finaldan ayıran son mərhələ idi.
İndi isə üçüncü yer uğrunda oyunda çıxış edəcəyik. Bu məğlubiyyət indiyədək gördüyümüz işləri kölgə altına salmır. Sadəcə, bu matçda İspaniya bizdən daha yaxşı idi”. (qol.az))
ESPN telekanalının verdiyi məlumata görə, Fransa millisinin kapitanı və hücumçusu Kilian Mbappe də oxşar açıqlama verib: "Nə texniki, nə də taktik baxımdan istədiyimiz oyunu nümayiş etdirə bildik. Dünya çempionatının yarımfinalında üzərinə düşəni etməyəndə qalib gələ bilmirsən. İspaniya öz oyun planına və adət etdiyi üsluba sadiq qaldı. Onlar topa və tempə nəzarət etməyi sevirlər. Bizim planımız isə rəqibə yüksək təzyiq göstərmək və onların öz ritmini tapmasına mane olmaq idi.
Hətta topu ələ keçirdiyimiz anlarda belə ilk toxunuşlarımız yetərincə uğurlu alınmırdı. Məhz bu cür hallar məğlubiyyətə gətirib çıxarır. Bu, bizim üçün çox böyük bir xəyal qırıqlığıdır. Lakin obyektiv danışsaq, finala vəsiqə qazanmaq üçün tələb olunan bütün şərtlərə sahib deyildik".
Qeyd edək ki, Argentina və İngiltərə yığmalarının iştirakı ilə keçiriləcək ikinci yarımfinal matçı bu gün baş tutacaq. Turnirin böyük finalı isə iyulun 19-na təyin olunub.
"AzPolitika.info"

Şərhlər