Azərbaycanda qadınların pensiya yaşının da 1 iyul 2026-cı ildən etibarən 65 yaşa çatdırılması ilə pensiya sistemi yenidən ictimai müzakirələrin mərkəzinə gəlib.

Son günlərdə ən çox səsləndirilən suallardan biri isə pensiya yaşına çatmadan vəfat edən şəxslərin illərlə topladığı pensiya kapitalının taleyi ilə bağlıdır. Xüsusilə sosial şəbəkələrdə və ictimai müzakirələrdə vətəndaşlar pensiya yaşına qədər yaşamayan insanların ödədiyi sosial sığorta haqlarının taleyi məsələsini gündəmə gətirirlər.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında aparılan hesablamalar göstərir ki, son illərdə on minlərlə insan pensiya yaşına çatmadan dünyasını dəyişib.

Statistikaya görə, 2014-cü ildə Azərbaycanda 55 min 648 nəfər vəfat edib. Onlardan 21 min 844 nəfəri həmin dövrdə qüvvədə olan pensiya yaşına çatmadan həyatını itirib.

2015-ci ildə ölkədə qeydə alınan 54 min 697 ölüm hadisəsinin 22 min 655-i pensiya yaşına çatmayan şəxslərin payına düşüb.

2016-cı ildə ümumilikdə 56 min 648 nəfər vəfat edib. Ölənlərdən 22 min 409 nəfəri pensiya yaşına çatmayıb.

2017-ci ildə 57 min 109 ölüm hadisəsi qeydə alınıb. Onlardan 23 min 332 nəfəri pensiya hüququ əldə etmədən dünyasını dəyişib.

2018-ci ildə ölkədə 57 min 250 nəfər vəfat edib. Həmin il pensiya yaşına çatmadan ölənlərin sayı 22 min 698 nəfər olub.

2019-cu ildə ümumi ölüm sayı 55 min 916 nəfər təşkil edib. Onlardan 22 min 911 nəfəri pensiya yaşına çatmadan vəfat edib.

2020-ci ildə COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinin təsiri ilə ölüm göstəricisi kəskin artaraq 75 min 647 nəfərə yüksəlib. Həmin il 32 min 169 nəfər pensiya yaşına çatmadan həyatını itirib ki, bu da araşdırılan dövr üzrə ən yüksək göstəricilərdən biridir.

2021-ci ildə isə son illərin ən yüksək ümumi ölüm göstəricisi qeydə alınıb. İl ərzində 76 min 878 nəfər vəfat edib. Onlardan 30 min 544 nəfəri pensiya yaşına çatmadan dünyasını dəyişib.

2022-ci ildə qeydə alınan 60 min 810 ölüm hadisəsinin 24 min 127-si pensiya yaşına çatmayan şəxslərin payına düşüb.

2023-cü ildə ölkədə vəfat edən 60 min 150 nəfərdən 25 min 153 nəfəri pensiya yaşına çatmadan həyatını itirib.

2024-cü ildə isə ümumilikdə 58 min 909 nəfər vəfat edib. Onlardan 23 min 92 nəfəri pensiya yaşına çatmadan dünyasını dəyişib.

Beləliklə, hesablamalar göstərir ki, 2014–2024-cü illər ərzində Azərbaycanda ümumilikdə 669 min 662 nəfər vəfat edib. Onlardan 271 min 934 nəfəri pensiya yaşına çatmadan həyatını itirib. Başqa sözlə, son 11 ildə vəfat edən hər 10 nəfərdən təxminən 4-ü pensiya hüququ əldə etmədən dünyasını dəyişib.


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, vəfat edən şəxsin fərdi hesabında toplanmış pensiya kapitalının taleyi onun pensiyaya çıxıb-çıxmamasından və qanunvericilikdə nəzərdə tutulan şərtlərdən asılıdır: "Əgər şəxs əmək pensiyası almadan vəfat edibsə və onun fərdi hesabında pensiya kapitalı qalıbsa, müəyyən hallarda bu vəsait qanuni vərəsələrinə ödənilə bilər. Bunun üçün vərəsəlik hüququnun rəsmiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun müraciət edilməsi tələb olunur.

Əgər şəxs artıq əmək pensiyası alırdısa, onun fərdi pensiya kapitalı hesablanmış pensiyanın maliyyələşdirilməsi üçün istifadə olunur və vəfat etdikdən sonra həmin kapitalın qalan hissəsi adətən ayrıca şəkildə ailə üzvlərinə ödənilmir. Lakin ailə üzvlərinin bəzi hallarda dəfn müavinəti və digər sosial ödənişlər almaq hüququ yarana bilər".

Ekspert qeyd edib ki, pensiya kapitalı hər bir halda avtomatik olaraq dövlətə keçmir və ya ailəyə ödənilmir. Bunun necə olacağı mövcud qanunvericiliyə, şəxsin statusuna və yaranmış hüquqi vəziyyətə əsasən müəyyən edilir.

E. Bəyməmmədli

"AzPolitika.info"