Avropa İttifaqı (Aİ) Ukraynaya müdafiə krediti çərçivəsində ayrılan vəsaitlərdən pilotsuz uçuş aparatları (PUA) üçün Çin istehsalı olan detalların satın alınmasına icazə verib. Bu barədə "Financial Times" (FT) qəzeti mövzu ilə yaxından tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, rəsmi Kiyev artıq 6 milyard avro məbləğində olan birinci transın bir hissəsini bu məqsədlə xərcləmək üçün razılıq əldə edib.

FT qeyd edir ki, bu qərar Aİ-nin müdafiə sənayesindəki ciddi istehsal boşluqlarını və eyni zamanda Çinin münaqişənin hər iki tərəfini təchiz etməkdə oynadığı kritik rolu bir daha nümayiş etdirir.

Kreditin ilkin şərtlərinə görə, Aİ vəsaitləri hesabına alınan hərbi məhsullar əsasən vahid daxili bazardan – yəni Ukraynanın özündən və ya tərəfdaş ölkələrdən təmin edilməlidir. Digər müttəfiqlərin bu prosesdə iştirakı isə yalnız Aİ ilə təhlükəsizlik sahəsində tərəfdaşlıq sazişi imzaladıqları təqdirdə mümkündür.

Lakin qaydalarda xüsusi bir istisna bəndi də yer alıb: əgər tələb olunan məhsulu tərəfdaş ölkələrdən kifayət qədər tez və ya lazımi miqdarda əldə etmək mümkün deyilsə, digər bazarlara müraciət oluna bilər. Kiyevin Çindən detal almasına da məhz bu istisna əsasında yaşıl işıq yandırılıb.

Xatırladaq ki, Ukrayna cari ilin may ayının sonunda "Ukraynaya dəstək krediti" sazişini imzalayıb və ratifikasiya edib. Bu layihə Avropa İttifaqının 2026–2027-ci illəri əhatə edən və ümumi dəyəri 90 milyard avroya qədər olan kredit alətidir. Həmin məbləğin 60 milyard avrosunun Ukraynanın müdafiə ehtiyaclarına yönəldilməsi nəzərdə tutulur.

Rasim

“AzPolitika.info”