Qazaxıstanlı 16 yaşlı vinger Kərim Mendikanov karyerasını İspaniyanın nəhəng klubu "Barselona"da davam etdirəcək. Ural sakini olan gənc istedad yeni mövsümdə Kataloniya təmsilçisinin gənclər komandasında çıxış edəcək.

"AzPolitika" "Kazinform"a istinadən xəbər verir ki, Mendikanov ailəsi ilə birlikdə 2022-ci ildə İspaniyaya köçüb. Ötən mövsüm "Serdanyola"da oynayan futbolçu daha sonra "San-Kuqat"a keçib. Burada əsas heyətdə tez bir zamanda möhkəmlənən gənc oyunçu "Barselona" skautlarının diqqətini çəkməyi bacarıb.

Sağ vinger mövqeyində çıxış edən Kərimin əsas üstünlükləri yüksək sürət, driblinq, təkbətək mübarizələr və qol vəziyyətləri yaratmaq bacarığıdır. O, ötən mövsüm çıxış etdiyi liqanın ən yaxşı assistentləri sırasında yer alıb.

Qeyd edək ki, Kərim Mendikanov futbola Uralda başlayıb və onun ilk məşqçisi Sergey Kondakov olub. "Barselona" sisteminə keçid gənc oyunçunun karyerasında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəkdə peşəkar futbola adlaması üçün böyük imkanlar açır.

"AzPolitika.info"