Rusiyanın Dolqoprudnı şəhər məhkəməsi prezidentliyə keçmiş namizəd Boris Nadejdini "ekstremist simvollar nümayiş etdirməkdə” günahkar bilib və ona 1000 rubl cərimə kəsib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Mediazona” xəbər yayıb.
İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi ilə qaldırılan inzibati işdə Nadejdin 2023-cü ildə müxalifət lideri Aleksey Navalnının fotosunun yer aldığı paylaşıma görə ittiham olunur. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra Nadejdinin qarşıdan gələn parlament seçkilərində iştirakı, o cümlədən imza toplaması qadağan ediləcək.
"Burada baş verənlərin əsl məqsədi mənim ağzımı yummaq və Dövlət Dumasına namizədliyimi irəli sürməyimin qarşısını almaqdır. Moskva vilayətinin dörd şəhərində mənim üçün imza toplanır... Sorğulara görə, mən seçkilərdə qalib gəlirəm", - Nadejdin məhkəmədə bildirib.
63 yaşlı siyasətçi "ekstremizmi təbliğ etdiyinə görə”, "xarici agent" elan edildikdən üç gün sonra həbs edilib.
Həbsindən qısa müddət əvvəl siyasətçi açıq şəkildə "Rusiya bəladadır " deyib, çünki Vladimir Putinin 27 illik hakimiyyəti müharibəyə, demək olar ki, hər gün dron hücumlarına, internet bloklanmasına, yanacaq böhranına, qiymətlərin artmasına, təcridə və avtoritarizmə səbəb olub.
Hüquq-mühafizə orqanlarının təqibindən sonra Nadejdin Rusiyanı tərk edə biləcəyini deyib, lakin ertəsi gün Federal Məhkəmə İcraçıları Xidməti onun ölkədən çıxışını qadağan edib.
Nadejdin, təxminən 465.000 seçicisi olan Moskva vilayətindəki Mıtişi, Korolev və Dolqoprudnının daxil olduğu təkmandatlı Mıtişi seçki dairəsində müstəqil namizəd kimi iştirak etməyi planlaşdırırdı. Namizəd kimi qeydiyyatdan keçmək üçün 15.000-dən çox imza toplamalı idi.
2024-cü ildə Nadejdin prezident seçkilərində Putinə qarşı mübarizə aparıb. Həmin vaxt Mərkəzi Seçki Komissiyası ona imza toplamağa icazə verdi, lakin sonda onu qeydiyyata almaqdan imtina etdi. Nadejdinin namizədliyini irəli sürən Vətəndaş Təşəbbüsü partiyası isə Ali Məhkəmə tərəfindən ləğv edildi.
“AzPolitika.info”

Şərhlər