Rusiya Federasiyası hökuməti, artıq Belarus, Qazaxıstan və Hindistandan alınan benzinin ardınca, dizel yanacağının da idxal edilməsinə imkan verəcək hüquqi bazanı tamamlayıb.
"AzPolitika" xəbər verir ki, Rusiya Energetika Nazirliyinin mətbuat xidmətindən "RBC-yə verilən məlumata görə, dizel üçün xüsusi "idxal dempferi" (kompensasiya mexanizmi) tətbiq olunur. Xarici benzin üçün artıq qüvvədə olan bu mexanizm çərçivəsində, yanacaq idxal edən yerli neft şirkətlərinə itkiləri qarşılamaq üçün dövlət büdcəsindən subsidiyalar ödəniləcək.
Rusiya əslində dünyanın ən böyük dizel ixracatçılarından biridir. Ölkədə istehsal olunan yanacağın təxminən 40-50%-i xaricə satılırdı.
2023-cü ilin statistikasına görə, ölkədaxili dizel istehlakı 52.2 milyon ton olduğu halda, 35.7 milyon ton dizel xaricə ixrac edilmişdi.
Böhranın səbəbi ondadır ki, Rusiya Neft Emalı Zavodlarına (NEZ) edilən pilotsuz uçuş aparatları (PUA) zərbələri ölkədəki neft emalı gücünü son 20 ilin minimumuna endirib. Nəticədə dizel istehsalı birdən-birə təxminən 40% azalıb — bu, istehsalı dörddə bir qədər (25%) azalan benzindən daha ağır bir zərbədir.
Rusiyanın əsas dizel tədarükçüsünün Hindistan olacağı gözlənilir. "Reuters" agentliyinin məlumatına görə, yanacaq bazarında vəziyyət daha da pisləşərsə, Rusiya şirkətləri rəsmi olaraq Hindistan NEZ-lərinə müraciət edəcəklər.
Hələlik Hindistan Rusiyaya cəmi iki partiya — təxminən 100 min ton benzin göndərib. Lakin "Energy Intelligence" analitiklərinin hesablamalarına görə, Rusiyada neft məhsullarının faktiki qıtlığı hər ay 400.000 ilə 600.000 ton arasında dəyişir.
Öz xammalı ilə dünyanı təhdid edən bir ölkə, indi öz daxili bazarını tənzimləmək üçün sanksiyalı neftini satdığı Hindistandan həmin neftin emal olunmuş variantını böyük ehtimalla daha baha qiymətə geri almaq məcburiyyətindədir.
"AzPolitika.info"

Şərhlər