İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, ölkənin infrastrukturuna yenidən zərbələr endiriləcəyi təqdirdə, Tehran bütün regiondakı analoji obyektlərə cavab zərbələri endirəcək. 

"AzPolitika" xəbər verir ki, bu barədə Baş Qərargahın rəsmi nümayəndəsi general Əbülfəzl Şekarçi məlumat verib.

ABŞ hərbçiləri artıq ardıcıl olaraq altıncı gecədir ki, İran ərazisini atəşə tutur. Cavab olaraq Tehran Hörmüz boğazından keçməyə cəhd edən iki gəmiyə, həmçinin ABŞ-nin Fars körfəzi ölkələri və İordaniyadakı hərbi bazalarına hücum edib.

Ötən gün İran ordusu ABŞ-nin Suriyanın Ət-Tanf bölgəsindəki komandanlıq mərkəzini də hədəf alıb. General Şekarçinin sözlərinə görə, İran uzun illər davam edə biləcək bir müharibəni aparmaq üçün kifayət qədər raket və silah ehtiyatına malikdir.

Eyni zamanda, Tehran İraqın şimalındakı Kürdüstan Regional Rəhbərliyində yerləşən İran kürd müxalifətinin "Komala" partiyasının qərargahına və düşərgələrinə zərbələr endirib. Məlumata görə, hücum nəticəsində 9 kürd silahlısı zərərsizləşdirilib.

Baş verənlər münaqişənin mərhələli şəkildə yeni eskalasiya səviyyəsinə keçdiyindən xəbər verir. Bununla belə, genişmiqyaslı müharibə hələ ki Vaşinqtonun maraqlarına cavab vermir. ABŞ administrasiyası seçkilərə hazırlaşır və İranla münaqişənin genişlənməsi dünya bazarında neftin qiymətinin artmasına səbəb olmaqla Donald Tramp üçün ciddi siyasi itkilərlə nəticələnə bilər. Məhz bu səbəbdən ABŞ İrana zərbələr endirməyə davam etsə də, hələlik genişmiqyaslı hərbi əməliyyatlara başlamaqdan çəkinir.

"AzPolitika.info"