Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Şimali Kiprdə yerləşən 39-cu Mexanikləşdirilmiş Piyada Diviziya Komandanlığında hərbçilərə müraciət edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Y.Gülər bildirib ki, artan regional və qlobal təhdidlər fonunda Türkiyə təhlükəsizliyini təmin etmək, terrorla mübarizə aparmaq və dövlət maraqlarını qorumaq istiqamətində fəaliyyətini davam etdirir.

Y.Gülər qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin imkanları, planlaşdırmaları və şəxsi heyətin fədakarlığı sayəsində ölkə daxilində və sərhədlərdən kənarda terrorla mübarizədə mühüm uğurlar əldə olunub.

Şimali Kipr məsələsinə toxunan nazir bildirib ki, Türkiyə Zəmanət və İttifaq müqavilələri çərçivəsində adada sülh və təhlükəsizliyin qorunmasına davam edir.

Onun sözlərinə görə, 1974-cü il Şimali Kipr Sülh Hərəkatı adada qarşıdurmalara son qoyub və türk əsgərinin qəhrəmanlığı tarixə yazılıb. Gülər 39-cu Piyada Diviziyasının həmin əməliyyatda mühüm rol oynadığını və 142 şəhid verdiyini xatırladıb.

Nazir Avropa Parlamentinin Şimali Kipr məsələsi ilə bağlı qərarını da tənqid edərək bildirib ki, həmin sənədin hüquqi və tarixi əsası yoxdur.

"Tarix siyasi arqumentlərlə deyil, sənədlər və həqiqətlərlə yazılır", - deyə Gülər vurğulayıb.

O qeyd edib ki, Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqlarından və zəmanətçi dövlət kimi məsuliyyətlərindən geri çəkilməyəcək. Nazir Şimali Kiprdə qalıcı həllin iki bərabərhüquqlu və suveren dövlətin mövcudluğu əsasında mümkün olduğunu bildirib.

Şərqi Aralıq dənizindəki vəziyyətə də toxunan Gülər regiondakı gərginliyin təhlükəsizlik üçün risk yaratdığını qeyd edib və Türkiyənin həm özünün, həm də Kıbrıs türk xalqının hüquq və maraqlarını qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Xatırladaq ki, bu gün Y.Gülər Şimali Kiprə səfər edib.