Yaxın Şərqdə hərbi gərginlik ən yüksək həddə çatıb. Beynəlxalq medianın verdiyi məlumata görə, ABŞ və İran Silahlı Qüvvələri arasında ardıcıl 10-cu gecədir ki, qarşılıqlı raket və dron zərbələri davam edir. Savaşın miqyası Körfəz ölkələrinə və Hörmüz boğazına qədər genişlənib.
ABŞ Prezidenti Donald Tramp həlak olan amerikalı hərbçilərə görə Tehranın cavab verəcəyini bəyan edib. Tramp sosial media hesabında kəskin xəbərdarlıq edib:
"İran öldürdüyü hər bir amerikalı əsgərə görə bunun bədəlini qat-qat ödəyəcək. Bu birbaşa tapşırıq Müdafiə naziri Pit Heqsetə, Baş Qərargah rəisi Daniel Keynə və bütün hərbi rəhbərliyə çatdırılıb".
Bəyanatın ardından ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 5 saat davam edən genişmiqyaslı hava əməliyyatlarına başladığını elan edib. Hərbi idarənin açıqlamasında bildirilir ki, zərbələrin əsas məqsədi İranın Hörmüz boğazından keçən gəmilərə hücum etmək imkanlarını sıradan çıxarmaqdır. Hücumlar zamanı İranın hərbi komandanlıq mərkəzləri, Hərbi Dəniz Qüvvələri bazaları, raket və PUA obyektləri, eləcə də hava hücumundan müdafiə sistemləri hədəfə alınıb.
İranın rəsmi İRNA agentliyi Təbriz, Çabahar, Konarak, Bəndər Mahşəhr və Bəndər İmam Xomeyni şəhərlərində güclü partlayışların baş verdiyini təsdiqləyib. Təbrizin cənub-qərbində azı bir nəfərin öldüyü, xeyli sayda insanın yaralandığı bildirilir.
İran tərəfi ABŞ-nin zərbələrinə cavab olaraq Körfəzdəki Amerika hərbi obyektlərinə kamikadze dronları və raketlərlə genişmiqyaslı hücum təşkil edib.
SEPAH-a bağlı "Tasnim" agentliyinin məlumatına görə, "Arifcan"dakı inzibati binalar, "Əl-Adiri"dəki helikopter meydançaları, "Əl-Caber" bazasındakı kazarmalar və "Əli Əl-Salem" aviabazasındakı PUA anqarları hədəf alınıb.
İRİB dövlət televiziyası xəbər verir ki, Məhərrəq bölgəsində ABŞ-yə məxsus hava hücumundan müdafiə və radar sistemləri sıradan çıxarılıb. Həmçinin Əl-Rifa bölgəsində koordinasiyalı raket və PUA zərbəsi ilə ABŞ-nin "Patriot" HHM sisteminin məhv edildiyi iddia olunur.
Döyüşlərin fonunda qlobal enerji daşımaları üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazında vəziyyət fəlakət həddinə çatıb. SEPAH boğazdan keçməyə cəhd edən iki neft tankerinin "təhlükəli marşrutda" partladığını elan edib.
Böyük Britaniya Dəniz Ticarəti Agentliyi (UKMTO) isə Hörmüz boğazında naməlum cismin zərbəsi nəticəsində daha bir gəminin batdığını təsdiqləyib.
Münaqişənin coğrafiyası sürətlə genişlənir. Yəməndəki İran yönümlü Husi qüvvələri Səudiyyə Ərəbistanına dəniz ambarqosu tətbiq etdiklərini elan ediblər. Bu addım ABŞ-İran qarşıdurmasını regionda daha böyük tərəflərin cəlb olunduğu regional müharibə müstəvisinə çıxarıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər