Son zamanlar Donald Tramp administrasiyası tez-tez kommunizm və ifrat solçuluq təhlükəsini dilə gətirirlər. Özü də bu məsələ yalnız ABŞ daxilində deyil, bütünlükdə beynəlxalq müstəvidə ciddi təhlükə mənbəyi kimi göstərilir. ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatları, Ukraynada davam edən müharibə, dünya iqtisadiyyatında, enerji bazarındakı çalxalanmalar, digər yandan isə ABŞ-də yaxınlaşan aralıq seçkiləri fonunda kommunizm və ifrat solçuluq təhlükəsinin gündəmə gətirilməsi və qabardılması xüsusi diqqət cəlb edir.

İyunun sonlarında Donald Tramp kommunizmi 11 sentyabr hadisələrindən bəri ABŞ üçün ən böyük təhlükə adlandırmışdı. Amerika Prezidenti radikal solçuları dinə və sosial dəyərlərə münasibət də daxil olmaqla, ənənəvi Amerika həyat tərzini dəyişdirməyə çalışmaqda günahlandırmışdı.

Tramp demişdi ki, kommunizm pulsuz mənzil, yemək və digər müavinətlər vəd etdiyi üçün cəmiyyətə "asanlıqla satılır". Hətta ironik şəkildə bu cür vədləri “satmaq” bacarığına görə, özünü Vladimir Leninlə müqayisə etmişdi…

Əvvəlcə Trampın solçuları və kommunistləri hədəf alması təsadüfi, ötəri mövzu kimi qarşılansa da, onun ardınca ABŞ Dövlət katibi Marko Rubionun eyni mövzuya aid açıqlamaları, bunun davamlı tendensiya olduğunu göstərir.

Belə ki, iyulun 16-da Vaşinqtonda, ABŞ Dövlət Departamentində keçirilən, 60-dan çox ölkənin iştirak etdiyi Siyasi Terrorizmin Dirçəlişi məsələləri üzrə Nazirlər Konfransnda çıxış edən Rubio sol radikalizmi Qərb sivilizasiyasının təməllərini zorakılıq və terror yolu ilə məhv etməyə çalışan unikal bir şər forması adlandırıb. Onun fikrincə, "bərabərlik" və "azadlıq" ritorikası ekstremistlər tərəfindən sadəcə dağıdıcı niyyətlər üçün örtük kimi istifadə olunur.

Rubio həmin çıxışında solçular haqqında deyib: "Bu, xüsusi və unikal bir şərdir. O, həmişə hər şeydən əvvəl nifrətlə, sivilizasiyanın özünə qarşı nifrətlə idarə olunub. Bu, ən pislərin ən yaxşılara qarşı üsyanıdır, zəiflərin və qorxaqların güclülərə və yaxşılara qarşı üsyanıdır. Bu, qura bilməyənlər, yarada bilməyənlər, böyük məqsədlərə çata bilməyənlər tərəfindən törədilir və onlar bacarıqlı olanları məhv etməyə çalışaraq öz aşağılıqlarına görə dünyadan qisas alırlar. Radikal solçu ideologiya budur. Müxtəlif yerlərdə, fərqli vaxtlarda, fərqli şüarlar və ideologiyalar altında onlar özlərini antikapitalist, antiimperialist, kommunist, anarxist və ya marksist adlandıra bilərlər. Lakin onların əsas mahiyyəti həmişə eynidir. Bu, bərabərlik, ədalət və azadlıq dili ilə pərdələnmiş zəhərli bir kindir - böyük insanların yaratdıqlarını məhv etmək, yalnız çirkinliklə dolu olan və dünyaya təklif edəcək başqa bir şeyləri olmayan insanlar naminə gözəl və doğru olan hər şeyi məhv etmək üçün qarşısıalınmaz bir istəkdir".

Rubionun bu fikirləri Qərb mediasında və ekspert dairələrində ciddi müzakirələrə səbəb olub. Rəsmən bu çıxış ABŞ Dövlət Departamentinin solçu siyasi terrorizmin beynəlxalq səviyyədə yenidən artan təhdidlərinə qarşı mübarizə aparmaq üçün genişmiqyaslı kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Mütəxəssislər isə Ağ Evin narahatlığını ABŞ daxilində, eləcə də Avropada solçu ideologiya tərəfdarlarının artmasından, ABŞ-nin Kubadakı rejimə qarşı son zamanlar artan təhdidlərindən tutmuş Çindəki hakimiyyətə və Rusiyanın zahirən dəyişsə də, mahiyyətcə dəyişməyən kommunistləşmə meylli ideologiyasının hədəflənməsinə qədər bir çox səbəblərlə izah etməyə çalışırlar. Ya da bu, ABŞ-nin “yeni düşmən” axtarışının tərkib hissəsidir. Lakin bu versiya az inandırıcı görünür, çünki xüsusilə də son zamanlar Amerikanın “düşmən” sarıdan heç bir çatışmazlığı yoxdur…

Cəlal Məmmədli

“AzPolitika.info”