Azərbaycanda süni intellektin ipoteka kreditləşmə prosesinə tətbiqi planlaşdırılır.

"AzPolitika" xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, fondun əsas hədəflərindən biri dövlətin strateji prioritetlərinə uyğun olaraq xidmətlərin rəqəmsallaşdırılmasını sürətləndirməkdir: "Bildiyiniz kimi, dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində müxtəlif qanunvericilik təşəbbüsləri və tədbirlər planları Prezidentin müvafiq sərəncamları ilə təsdiqlənib. 2026–2028-ci illər üzrə dövlət xidmətlərinin rəqəmsal transformasiyasının sürətləndirilməsinə dair tədbirlər planından irəli gələn vəzifələrə uyğun olaraq Fond da müvafiq tədbirlərin icrasını həyata keçirir. Əsas hədəflər rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi, süni intellekt həllərinin ipoteka kreditləşdirilməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə tətbiqi, vətəndaşlardan tələb olunan sənədlərin toplanması yükünün faktiki olaraq sıfıra endirilməsi, xidmətlər üzrə fiziki təmasın minimuma endirilməsi və yaşayış maliyyəsi alətlərinin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə Fond beynəlxalq təcrübəni öyrənir və Azərbaycanın mövcud iqtisadi reallıqları nəzərə alınmaqla qeyd olunan istiqamətlər üzrə işləri davam etdirir".