Rusiya XİN başçısı Sergey Lavrov növbəti dəfə özünün “yüksək diplomatiya mədəniyyəti”nin sərhəd tanımadığını nümayiş etdirib.
“AzPolitika” xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio ilə son görüşünə dair jurnalistlərə açıqlama verən Lavrov ABŞ tərəfini Ankoricdə keçirilən görüşdə əldə edilən razılaşmaya əməl etməməkdə günahlandırıb. Lavrov iddia edib ki, Rusiyanın “vicdanı təmizdir” və o, ABŞ-dən fərqli olaraq, sözünün üstündə durur. XİN başçısı bütün bunları rusların küçə jarqonu ilə ifadə edib: "Bilirsiniz, necə deyərlər, “patsan dedi, patsan elədi”. Biz dedik, biz hazırıq. Amma qarşı tərəfdən bu yanaşma dəyişdirilib".
Lavrov qeyd edib ki, ABŞ Vladimir Putin və Donald Tramp arasında Ankoricdə keçirilən görüşdə əldə edilən Ukrayna müharibəsinə son qoymaq barədə razılaşmaları yerinə yetirməyib. O, Marko Rubionun Alyaskada müzakirə edilən variantların "uğursuz" olduğu barədə açıqlamasına bu cür cavab verib. Lavrovun sözlərinə görə, Rusiya nümayəndə heyəti sammitə Vaşinqtonun Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri ilə tanış olduqdan sonra gəlib.
"Prezident Tramp, mən heç bir böyük sirri açıqlamayacağam, dəfələrlə deyib ki, "Bu, bizim təklifimizdir, bəli, qismən kompromisdir" və biz də onu qəbul etdik... O əlavə edib ki, Zelenski onun təklif etdiyini qəbul edəcək. Amma bu, alınmadı", - deyə Lavrov qeyd edib.
Bundan öncə Ankoricdəki Tramp-Putin razılaşmasının "uğursuzluğunu" izah edən Rubio qeyd edib ki, Ukrayna ilə fikir ayrılığı səbəbindən razılaşdırılmış şərtlər daxilində sülh razılaşmasının bağlanması mümkün deyil. "Məhz buna görə bu cəhd nəticə vermədi. Ona görə də yeni təkliflər və yeni ideyalar axtarmalı olacağıq, çünki bu variant o vaxt Ukrayna üçün açıq şəkildə məqbul deyildi və mən indi də onlar üçün məqbul olduğunu düşünmürəm", - deyə Dövlət katibi bildirib.
Xatırladaq ki, Putin və Tramp 15 avqust 2025-ci ildə Alyaskada görüşüblər. Tərəflər arasındakı razılaşmaların nədən ibarət olduğu rəsmi olaraq açıqlanmayıb. Lakin mediaya sızmalara görə, bu razılaşma yekun sənəd deyil, müharibəyə son qoymaq üçün çərçivə anlaşması olub. Moskvadakı “Reuters” mənbəyinin məlumatına görə, həmin vaxt Rusiya və ABŞ prezidentləri bütün Donbasın Rusiyaya verilməsini, digər ərazilərdə isə cəbhə xəttinin dondurulmasını nəzərdə tutan "Ankoric formulu" üzərində razılığa gəliblər.
Bundan əvvəl Putin Kiyevdən döyüşlərə son qoymaq üçün Ukrayna qoşunlarını qondarma "DPR", "LPR" və Zaporojye və Xerson bölgələrindən bütünlüklə çıxarmağı tələb etmişdi. Lakin Zelenski bu ultimatumu rədd etdi. Daha sonra o, Tramp administrasiyasının Ukraynadan müharibəyə son qoymaq üçün Donetsk vilayətinin Rusiyaya təhvil verməsində israr etdiyini bildirmişdi. Lakin Zelenskinin sözlərinə görə, Kiyev bununla da razılaşa bilməz, çünki belə bir addım ölkənin müdafiə qabiliyyətinə ciddi xələl gətirəcək.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər