Türkiyənin "Meltem TV" kanalında yayımlanan "Parantez" verilişində Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyini göstərən diqqətçəkən iddialar səsləndirilib. Verilişdə İranın İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasına quru əməliyyatı keçirdiyi irəli sürülüb.

Bəzi media orqanlarında yayılan məlumatlara görə, ABŞ həmin bazada İrana qarşı quru hərəkatı hazırlığı içərisində olub. Hətta bir neçə silahlı kürd qruplaşmasının da bu istiqamətdə bazaya cəlb olunduğu iddia edilir.    

Aparıcının sözlərinə görə, əməliyyat nəticəsində çoxlu sayda ABŞ hərbçisi, o cümlədən səkkiz yüksək rütbəli komandanın öldürüldüyü iddia edilir. Bundan başqa, ABŞ ordusunun bir qrup hərbçisinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri tərəfindən əsir götürüldüyü barədə məlumatların daxil olduğu bildirilib.

Əməliyyatın İraqda fəaliyyət göstərən "Həşd əş-Şəabi" (Xalq Səfərbərlik Qüvvələri) daxilində yer alan və İran İnqilab Keşikçiləri ilə əlaqəli qüvvələr tərəfindən həyata keçirildiyi iddia olunur. Bildirilib ki, İraqdakı şiə silahlı qruplaşmaları uzun illərdir Tehranla sıx əlaqələrə malikdir və İranın regiondakı əsas təsir vasitələrindən biri hesab olunur.

Proqramda həmçinin son günlər ABŞ hərbi bazalarına qarşı həyata keçirilən hücumların nəticələrinin əvvəl açıqlanandan daha ağır olduğu iddia edilib. Bildirilib ki, çoxsaylı yaralı ABŞ hərbçisi müalicə üçün Almaniyaya göndərilib. Veriliş müəlliflərinin sözlərinə görə, yaralıların sayının çox olması səbəbindən ABŞ Almaniyaya əlavə olaraq 150 nəfər ixtisaslaşmış hərbi tibb personalı göndərib.


Mövzu ilə bağlı çıxış edən siyasi şərhçi Hasan Hüseyn Tekin bildirib ki, İraq uzun illərdir ABŞ və İran arasında geosiyasi rəqabətin əsas meydanlarından biri olaraq qalır.

Onun sözlərinə görə, ABŞ İraqa müdaxilə etməklə İranın bölgədəki təsirini zəiflətməyi planlaşdırsa da, nəticə əksinə olub.

"İraqın coğrafiyası İranın təsirini qırmaq üçün nəzərdə tutulmuşdu. Səddam Hüseyn də bu strategiyanın əsas elementlərindən biri idi. İran-İraq müharibəsinin məqsədi də İslam İnqilabının bölgədə yayılmasının qarşısını almaq idi. Lakin bu gün gəlib çatdığımız nöqtədə İraq faktiki olaraq İranın ən güclü təsirə malik olduğu ölkələrdən birinə çevrilib", – deyə ekspert bildirib.

Tekinin fikrincə, Vaşinqtonun İraqda apardığı siyasət uğursuz olub və İran bölgədə əvvəlkindən daha güclü mövqe qazanıb.

"ABŞ trilyonlarla dollar vəsait xərclədi, milyonlarla insan həyatını itirdi, lakin sonda İranda deyil, məhz İraqda İranın nüfuzu daha da artdı. Bu gün Tehran İraqdakı təsir imkanlarından istifadə edərək ABŞ bazalarına ciddi zərbələr endirə biləcək vəziyyətə gəlib", – deyə o qeyd edib.

Ekspert bildirib ki, əgər Ərbildə quru əməliyyatı ilə bağlı iddialar təsdiqini tapsa, bu, İran-ABŞ qarşıdurmasının tamamilə yeni mərhələyə keçməsi anlamına gələ bilər.

Onun sözlərinə görə, ABŞ-nin bölgədə yaratdığı siyasi və hərbi boşluq nəticədə İranın xeyrinə işləyib.

Tekin İraqın hazırda ABŞ üçün ən təhlükəli regionlardan birinə çevrildiyini də vurğulayıb. O bildirib ki, İranın İraqdakı nüfuzu təkcə siyasi deyil, həm də hərbi səviyyədə institusionallaşıb və bu, ABŞ-ın bölgədəki mövqelərini zəiflədib.

Verilişdə həmçinin yaxın günlərdə regionda daha böyük hadisələrin baş verə biləcəyi barədə də iddialar səsləndirilib. Bildirilib ki, İran rəhbərliyində yeni hərbi planlar müzakirə olunur və qarşıdakı həftənin Yaxın Şərqdə vəziyyət baxımından həlledici ola biləcəyi irəli sürülür.

Aparıcı çıxışı zamanı ABŞ-nin Almaniyaya yaralı hərbçilər göndərməsini də diqqətə çatdırıb. Hasan Hüseyn Tekin bunu Almaniyada yerləşən ABŞ və NATO hərbi bazalarının, eləcə də inkişaf etmiş hərbi tibb infrastrukturunun mövcudluğu ilə əlaqələndirib. 

Onun sözlərinə görə, ağır yaralanan hərbçilərin müalicəsi uzunmüddətli və yüksək ixtisas tələb edən proses olduğundan onların bir hissəsinin Almaniyaya göndərilməsi mümkün variantlardan biridir.

"AzPolitika.info"