Yaşadığımız dövrün acı həqiqətlərindən biri müxtəlif sosial şəbəkələrdə və televiziya kanallarında dərman maddələrinin, eləcə də bioloji aktiv qida əlavələrinin (BAƏ) təbliğatıdır. Əksər hallarda bu reklamları heç bir tibbi və ya əczaçılıq təhsili olmayan, cəmi 1-2 aylıq naməlum kurslar keçərək apteklərə işə götürülmüş şəxslər aparır.

"AzPolitika" xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib.

Ptofessor daha sonra bildirib: "Məlumdur ki, mövcud nəzarətsizlik mexanizmi səbəbindən aptek marketinqini insan sağlamlığından daha çox əldə olunacaq mənfəət maraqlandırır. Bu səbəbdən reklam etdikləri dərman maddələrinin törədə biləcəyi fəsadları, ən əsası isə bu işin hüquqi məsuliyyətini anlamayan "təbliğatçılara" satışdan müəyyən faiz (bonus) verilir. Bu şirnikləndirmə sistemi analoji halların kütləviləşməsinə və əhalinin sağlamlığı üçün çox ciddi təhlükəyə yol açır.

Reseptsiz satılan və həkim tövsiyəsi olmadan reklam edilən bu tərkiblərə, onların törədə biləcəyi uzaq fəsadlara baxanda insanı dəhşət bürüyür. Odur ki, hazırda en çox təbliğ olunan dərman və BAƏ-lərin gizli təhlükələri, əlavə təsirləri və ağır nəticələri haqqında bəzi həqiqətləri ictimaiyyətə çatdırmağı borc bildim.

1. "Stress əleyhinə" reklam olunan preparatlar: 5-HTP, Melatonin, Maqnezium.

5-HTP (hidroksitriptofan): Serotoninin sələfidir. Əgər pasiyent klassik antidepressant, güclü ağrıkəsici və ya revmatoloji dərmanlar qəbul edirsə, 5-HTP-nin qəbulu fonunda həyat üçün son dərəcə təhlükəli olan və hətta ölümə gətirib çıxaran "Serotonin sindromu"nun baş verməsi qaçılmazdır.

Melatonin: Bu preparatın uzunmüddətli qəbulu orqanizmin öz yuxu hormonunun sintezini bəzən geri dönməz şəkildə bloka salır. Nəticədə preparatın qəbulu dayandırıldıqda müalicəsi çox çətin olan ağır yuxusuzluq (insomniya) yaranır. Melatoninin hətta qısamüddətli və nəzarətsiz qəbulu belə qonadotrop hormonların azalmasına (cinsi həvəsin sönməsi), depressiyaya və gündüzlər kəskin yuxululuğa səbəb ola bilər.

Maqnezium: Xüsusən yüksek dozalarda qəbul edildikdə kəskin diareya, həzm pozğunluğu, arterial təzyiqin düşməsi, əzələ zəifliyi, ağır hallarda isə kəskin bradikardiya və ürək əzələsində (miokardda) keçiriciliyin pozulmasına gətirib çıxarır.

2. Mədə-bağırsaq sisteminə təsir edən vasitələr və hepatoprotektorlar.

Reklam olunan hepatoprotektorlar əsasən alaqanqal bitkisindən alınan fenol birləşmələrindən (silibinin, silikristin, silidianin) ibarətdir və çox güclü ödqovucu təsirə malikdirlər. Qeyri-peşəkar diaqnostika və təyinat zamanı onlar ağır nəticələr verə bilər. Məsələn, preparatı qəbul edən şəxsdə gizli və diaqnozu qoyulmamış öd daşı xəstəliyi (xolelitiaz) varsa, bu vasitələr daşı hərəkətə gətirərək öd yollarını bağlayır və dözülməz kəskin qaraciyər sancısına səbəb olur. Bu zaman yeganə çıxış yolu təcili cərrahi əməliyyatdır.

3. Probiotik və prebiotiklər.

BAƏ qrupuna aid olan bu canlı bakteriya ştammları immun sistemi zəif olan və ya ciddi yanaşı xəstəlikdən (məsələn, epitelial keçiriciliyin artması sindromundan) əziyyət çəkən şəxslərə vurulduqda, qanda bakteriya və ya göbələk infeksiyalarının təhlükəli həddə çatmasına (bakteremiya, funqemiya) səbəb ola bilər. Bunun müalicəsi isə böyük maliyyə resursları və uzun zaman tələb edir.

4. Xondroprotektorlar (Qlyukozamin, Xondroitin).

Qlyukozamin: Kimyəvi quruluşuna görə aminosaxariddir. Toxumaların insulinə müqavimətini və mədəaltı vəzə düşən metabolik yükü kəskin artırır. Nəzarətsiz qəbul edildikdə prediabetik (şəkərönü) və 2-ci tip diabeti olan şəxslərdə karbohidrat mübadiləsini pozur və müalicəyə tabe olmayan davamlı hiperqlikemiyaya (qanda şəkərin aşırı yüksəlməsinə) səbəb olur.

Xondroitin sulfat: Qandurulaşdırıcı (antikoaqulyant) təsirə malikdir. Onun kardio-aspirin, klopidoqrel və ya digər qandurulaşdırıcılar qəbul edən şəxslərə təyini mədə-bağırsaq və daxili qanaxma riskini kəskin artırır.

5. Metabolizmə təsir edən və "ziyansız arıqlama" vəd edən BAƏ-lər.

Xüsusilə "Təbii Ozempik" adı altında satılan (tərkibi Berberin və Alfa-lipoy turşusundan ibarət) BAƏ-lər böyük təhlükə mənbəyidir:

Berberin: Qaraciyərdə dərmanların metabolizminə cavabdeh olan əsas fermentlər sistemini (CYP3A4) inaktivləşdirir. Bu ferment əhalinin böyük əksəriyyətinin gündəlik qəbul etdiyi təzyiq dərmanlarının, statinlərin və antikoaqulyantların parçalanmasını təmin edir. Ferment sıradan çıxdıqda həmin dərmanların qandakı dozasının kəskin artması baş verir ki, bu da çoxorqanlı çatışmazlığa və ölümcül toksikləşməyə səbəb ola bilər.

Alfa-lipoy turşusu: Çox güclü insulin təsirli maddədir. Doza düzgün tənzimlənmədikdə qanda şəkərin səviyyəsini kəskin salaraq ağır hipoqlikemiyaya və hipoqlikemik komaya yol aça bilər.

6. Yüksək dozalı Vitamin C, Vitamin D3 və Sink

Vitamin C (1000 mq-dan yüksək dozada): Orqanizmdə oksalat turşusuna çevrilir. Yüksək dozalarda uzunmüddətli qəbulu böyrəklərdə oksalat daşlarının əmələ gəlməsinə (nefrolitiaz) və mədənin selikli qişasının zədələnməsinə gətirib çıxarır.

Vitamin D3: Yüksək dozada nəzarətsiz qəbul edildikdə orqanizmdə toplanaraq hiperkalsiemiya törədir. Qanda artan kalsium damar divarlarında, miokardda və böyrək toxumasında toplanaraq bu orqanların fəaliyyətini kəskin pozur.

Sink: Artıq miqdarda qəbulu misin bağırsaqlardan sorulmasını bloklayır. Uzunmüddətli istifadəsi orqanizmdə mis defisitinə, anemiyaya və ağır nevroloji pozuntulara (mielopatiyaya) səbəb olur.

7. Dəri xəstəlikləri üçün məlhəm və kremlər.

Müasir tibbdə 4000-dən çox müxtəlif dəri xəstəliyi mövcuddur. Onların hər birinin müalicəsi yalnız ali təhsilli mütəxəssis-dermatoloqun düzgün diaqnozu və təyinatı əsasında aparılmalıdır. Əks hal faciələrlə nəticələnə bilər. Bu vasitələri sosial şəbəkələrdə reklam edən şəxslər daşıdıqları hüquqi məsuliyyəti dərk etməlidirlər.

İstənilən dərman vasitəsinin və ya BAƏ-nin istər profilaktik, istərsə də müalicəvi məqsədlə istifadəsi yalnız və yalnız ixtisaslı həkimin göstərişi və nəzarəti altında həyata keçirilməlidir.

Eyni zamanda, dövlət səviyyəsində dərman preparatlarının və bioloji aktiv əlavələrin reklamını sərt tənzimləyən xüsusi qanunvericilik aktı tətbiq olunmalıdır. Bu qaydaları pozan şəxslər ciddi şəkildə cəzalandırılmalı və hüquqi məsuliyyətə cəlb edilməlidirlər. Xalqımızın sağlam gələcəyini yalnız bu yolla təmin etmək mümkündür.

"AzPolitika.info"