Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan növbəti PUA-nı zərərsizləşdirib. Bu, son bir həftə (son üç gün) ərzində Rumıniya tərəfindən vurulan üçüncü Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır.

Hadrısə iyulun 26-da səhər saatlarında, Ukraynanın Odessa vilayətinə yaxın ərazidə — Sulina-Kiliya rayonunda, Rumıniyanın ərazi suları üzərində qeydə alınıb. Bu barədə Rumıniya prezidenti Nikuşor Dan sosial şəbəkə hesabında məlumat verib.

Dövlət başçısı bildirib ki, ölkənin Baş Prokurorluğunun apardığı araşdırmalara əsasən, iyulun 24-də səhər saatlarında vurulmuş PUA-nın Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə etdiyi "Shahed" tipli dron olduğu sübuta yetirilib. Toplanan təkzibedilməz faktlar və istintaqın nəticələri Rusiyaya təqdim olunacaq rəsmi diplomatik notanın əsasını təşkil edəcək.

Rumıniya prezidenti bəyanatında məsələnin ciddiliyini vurğulayıb: "Rusiya Federasiyasının Rumıniyanın, eyni zamanda NATO və Avropa İttifaqının hava məkanını ardıcıl olaraq pozması qəbulolunmazdır və buna dözümlülük nümayiş etdirilə bilməz. Bu cür hərəkətlər yolverilməzdir və biz müttəfiqlərimizlə birlikdə baş verənlərə tam məsuliyyətlə yanaşırıq".

Qeyd edək ki, Rumıniya lideri iyulun 25-də də Sfıntu-Qeorqe şəhərindən 10 kilometr qərbdə ikinci PUA-nın vurulduğunu açıqlamışdı. Növbəti hava insidentindən dərhal sonra Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağırıb.

"AzPolitika.info"