Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Soçidə başqa ad və soyad altında yaşayır.
“AzPolitika” xəbər verir ki, Yanukoviç barədə dərc edilən yeni jurnalist araşdırmasında onun və ailəsinin Rusiyada olduqları, son illər ərzində yüzlərlə hektar torpaq və onlarla əmlak əldə etdikləri bildirilir.
Yanukoviç vətəndaş nikahında olduğu Lyubov Polejay ilə Soçidəki mülkdə məskunlaşıb və Oleq Nikolayeviç Leonovun adına olan sənədlərdən istifadə edir. Yəni, faktiki olaraq Viktor Yanukoviç indi Oleq Leonovdur.
Keçmiş prezidentin oğlu Aleksandr isə həyat yoldaşı və iki oğlu ilə birlikdə Sokolov soyadı altında yaşayır. Yanukoviçin indiki arvadı Lyubov Polejay da soyadını dəyişərək, qızlıq soyadını götürüb və indi o, Sadıkovadır.
Yanukoviçin Soçidəki Yesaulenko küçəsindəki mülkü təxminən üç hektar ərazini əhatə edir və bir neçə evdən, istixanadan, bağdan, kilsədən və göldən ibarətdir. Yanukoviç və ailəsini Ukrayna Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşları qoruyur. Onlar ölkədən qaçdıqdan sonra Rusiya Federal Mühafizə Xidmətinə keçiblər və Ukraynada axtarışdadırlar.
Yanukoviçin oğlu Aleksandrın işğal olunmuş Donbas ərazilərindən kömür sataraq milyardlarla rubl qazandığı bildirilir. Atasının prezidentliyi dövründə Ukraynanın ən varlı adamlarından biri olmuş Aleksandr Yanukoviç 2024-cü ildə Rusiya vətəndaşlığını alıb.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər