Moldova hökuməti yanacaq çatışmazlığı səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.
"AzPolitika" xəbər verir ki, fövqəladə vəziyyətin 30 gün müddətinə qüvvədə olacağı bildirilib.
Moldova Böhran İdarəetmə Mərkəzinin rəhbəri mövcud ehtiyatların məhdud olduğunu qeyd edib və ehtiyatların mümkün qədər tez bərpa olunmasının vacibliyini vurğulayıb.
Moldovada hazırda dizel yanacağı ehtiyatları yeddi günə çatacaq qədərdir.
Xatırladaq ki, ölkədə yanacaq çatışmazlığı logistika və regional amillərdən yaranıb ki, bu da Rumıniya limanları və fabrikləri vasitəsilə neft məhsullarının idxalına ciddi təsir göstərib.
Hökumət enerji sahəsində 30 gün ərzində fövqəladə vəziyyət rejimi tətbiq edib. Qərarlar 28 iyulda Baş nazir Vasile Tofan tərəfindən dizel yanacağının tədarükündə kəsilmələr və Dnestrdə su səviyyəsinin azalması səbəbindən keçirilən fövqəladə iclasda qəbul edilib.
Tofanın sözlərinə görə, dizel yanacağı ilə bağlı problemlər bir neçə regional böhranın eyni anda üst-üstə düşməsi nəticəsində yaranıb. Novorossiyskdəki terminallara dəyən zərər Qazaxıstan neftinin ixracını məhdudlaşdırıb, bu neft Rumıniyanın Petromidia neft emalı zavodunun əsas xammal mənbəyidir. Vəziyyətə həmçinin Yaxın Şərqdəki münaqişə və Dunay səviyyəsinin aşağı düşməsi təsir edib.
Molodvanın Enerji naziri bildirib ki, 27 iyul tarixinə Moldovanın 53 yanacaqdoldurma məntəqəsində dizel yanacağı olmayıb. Moldova Rumıniyadan benzinin təxminən 99%-ni, dizel yanacağının 70%-ni, maye qazın 70%-ni və bütün aviasiya kerosinini idxal edir. Qazaxıstan artıq neft ixracının bərpasını elan edib, lakin təchizatın bərpası vaxt aparacaq. Nazirin sözlərinə görə, boru kəmərinin istifadəyə verilməsi və ilk tankerin Konstanta terminalına çatdırılması beş-yeddi gün çəkəcək. Bundan sonra zavodun normal emal həcmini bərpa etmək üçün bir neçə günə ehtiyacı olacaq.
E. Səlimov
AzPolitika.info

Şərhlər