Texnologiyanın inkişafı ilə əmək bazarında tələb olunan bacarıqlar və peşələr sürətlə dəyişir. Xüsusilə süni intellektin geniş tətbiqi bir sıra ənənəvi ixtisasların gələcəyini sual altına alarkən, yeni və daha yüksək gəlir vəd edən peşələr formalaşdırır.
Bu prosesin Azərbaycanda hansı istiqamətdə inkişaf edəcəyi və gələcəkdə ən çox qazandıracaq ixtisasların hansılar olacağı müzakirə olunan əsas mövzulardandır. Yaxın 5-10 ildə Azərbaycanda ən çox gəlir gətirəcək peşələr hansılar olacaq və bunun əsas səbəbləri nədir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yaxın 5-10 il ərzində ən çox gəlir gətirəcək peşələr barədə indidən dəqiq proqnoz vermək çətindir. Çünki artıq süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu baxımdan süni intellektlə bağlı peşələrin ön plana çıxacağı şübhə doğurmur.

Ekspert qeyd edib ki, hazırda süni intellektin elmə və təhsilə tətbiqi ilə bağlı ciddi müzakirələr aparılır və bu proses artıq başlayıb: “Elmi-texniki tərəqqinin inkişafından qaçmaq mümkün deyil. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərin, mentalitetin və yaradıcı mühitin gələcək nəsillərə ötürülməsi üçün insanların bir-biri ilə şəxsi təmasına üstünlük verilməlidir. Məsələn, biz ədəbiyyatını, tarixini və coğrafiyasını sevən bir xalqıq. Bu kimi sahələrin tamamilə süni intellekt vasitəsilə öyrədilməsi perspektiv baxımından yaxşı nəticə vəd etmir. Süni intellektdən istifadə qaçılmazdır, lakin hər sahədə insan faktorunu əvəz edə bilməz”.
M.Məmmədlinin sözlərinə görə, yaxın illərdə bank sektorunda da insan resursuna ehtiyac qalacaq: “Süni intellektin bütün bank xidmətlərini tam şəkildə əvəz etməsi hələlik mümkün görünmür. Müəllim peşəsinin də uzun müddət əmək bazarında aktual qalacağını hesab edirəm. Hələ ki müəllimi tam əvəz edəcək bir vasitə yoxdur. Süni intellekt müəllimin funksiyalarını tam yerinə yetirə bilməz. Bəlkə də gələcəkdə bu mümkün olar, amma bu gün üçün belə deyil. UNESCO rəsmiləri də bildirirlər ki, süni intellektin şagirdlər və ümumilikdə tədris prosesində tətbiqi mütləq müəllimlərin nəzarəti və iştirakı ilə həyata keçirilməlidir. Təkcə texnologiya və süni intellekt vasitəsilə təhsil istənilən nəticəni verməz”, – ekspert əlavə edib.
Ekspert qeyd edib ki, sənaye, xüsusilə maşınqayırma sahəsində robotlaşma və süni intellektin tətbiqi sürətlə genişlənir: “Bununla yanaşı, kibertəhlükəsizlik sahəsində insan mütəxəssislərə ehtiyac həmişə qalacaq. Süni intellekt əsaslı geniş şəbəkələrin qurulması gələcəkdə kibertəhlükəsizlik mütəxəssislərinə, data analitiklərinə və proqram təminatı üzrə mütəxəssislərə tələbatı daha da artıracaq. Eyni zamanda alternativ enerji sahəsinin inkişafı enerji mühəndislərinə olan ehtiyacı da artıracaq.
Səhiyyə sahəsində də süni intellekt həkimləri tam əvəz edə bilməyəcək. Bu sahədə şəxsi təmas və həkimin peşəkar rəyi əsas amillər olaraq qalacaq.
Hüquqşünaslıq, vəkillik kimi klassik peşələr də uzun müddət aktuallığını qoruyacaq. İnsanların hüquqlarının müdafiəsi sahəsində insan amili hələ uzun illər əvəzolunmaz olacaq”, - deyə Məzahir Məmmədli bildirib.
Sonda ekspert qeyd edib ki, ümumi proqnoz vermək çətin olsa da, sadalanan istiqamətlər üzrə yaxın 5-10 ildə əmək bazarında ciddi tələbatın yaranacağı gözlənilir.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər