Ermənistanda yoxsulluq səviyyəsi 2021-ci ildə 26.5%-dən 2024-cü ildə 21.7%-ə düşüb, lakin əhalinin təxminən üçdə ikisi hələ də kasıb və ya iqtisadi cəhətdən həssasdır.
"AzPolitika" xəbər verir ki, son illərdə Ermənistanın iqtisadi artım fonunda yoxsulluq səviyyəsi azalır. Lakin yüksək artımın faydaları bərabər bölüşdürülmür.
Dünya Bankının hesabatında qeyd edilir ki, əhalinin 43.4%- i hələ də iqtisadi cəhətddən həssas sinifə aiddir. Ermənistanda kasıb və həssas qrupa aid vətəndaşların sayı ümumi əhalinin 65.1%-ni təşkil edir.
Manukyanın sözlərinə görə, belə ailələr işsiz qalmaq, gəlir itkisi və ya digər iqtisadi şok hallarında yenidən yoxsulluq səviyyəsinin altında qala bilərlər.
Orta rifah səviyyəsinə malik əhalinin sayı 2021-ci ildə 20.2%-dən 2024-cü ildə 24.9%-ə yüksəlib.
Kənd yerlərində yoxsulluq daha yüksəkdir. Kənd yerlərində yoxsulluq səviyyəsi 2024-cü ildə 26.1%, Yerevandan kənar şəhərlərdə 22.8%, paytaxtda isə 16.9% olub.
Ən yüksək göstəricilər Şirak və Tavuş bölgələrində qeydə alınıb - müvafiq olaraq təxminən 49% və 47%. Ən aşağı yoxsulluq səviyyəsi Syunik bölgəsində qeydə alınıb.
Dünya Bankı yoxsulluğun regional konsentrasiyasını kənd təsərrüfatı, özünüməşğulluq və qeyri-rəsmi əmək sahələrində aşağı məhsuldarlıqlı məşğulluqla əlaqələndirir.
Eyni zamanda, Dünya Bankı Ermənistanda bərabərsizliyin səviyyəsini əksər oxşar ölkələrlə müqayisədə nisbətən aşağı hesab edir.
Hesabatda qeyd olunur ki, təkcə iş sahibi olmaq yoxsulluqdan çıxış yolunu təmin etmir. Məhsuldarlıq, sabitlik və məşğulluğun formal xarakteri həyati əhəmiyyət daşıyır.
Kasıb çalışanlar kənd təsərrüfatı ilə məşğul olmağa, qeyri-rəsmi işləməyə və ya özəl işlə məşğul olmağa daha çox meyllidirlər. Ən aşağı yoxsulluq səviyyəsi yazılı əmək müqaviləsi olan işçilər arasında müşahidə olunur.
Yoxsulluğun davamlı şəkildə azaldılması üçün Dünya Bankı iş yerlərinin keyfiyyətinin yaxşılaşdırılmasını, rəsmi məşğulluğun genişləndirilməsini və peşəkar bacarıqların artırılmasını tövsiyə edir.
E. Səlimov
AzPolitika.info

Şərhlər